DÜNYA
Lufthansa pilotlarının tətili daha iki gün uzadılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Lufthansa aviakompaniyası pilotlarının maraqlarını təmsil edən Almaniyanın Vereinigung Cockpit həmkarlar ittifaqı tətilin daha iki gün uzadıldığını elan edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, maaşların artırılmasına dair şirkət rəhbərliyi ilə bazar günü aparılan danışıqlar dalana dirənib. Buna görə də pilotlar tətili çərşənbə axşamı və çərşənbə günləri də davam etdirəcəklər. Noyabrın 29-da əsasən daxili reyslər, 30-da isə bütün uçuşlar dayandırılacaq.
Lufthansa şirkətindən verilən məlumata görə, əvvəlki tətil günlərində ləğv olunmuş 2 min 755 aviareys 345 min sərnişinə təsir göstərib. Tətilin hər günü şirkətə 10 milyon avroya başa gəlir. Maaşlarının beş ildir qaldırılmamasından şikayətlənən pilotlar tələb edirlər ki, əməkhaqları dondurulan bu müddətin hər ili üçün 3,6 faiz, ümumilikdə isə 20 faiz artırılsın. Rəhbərlik bununla razılaşmır və bildirir ki, pilotların tələbi yerinə yetirilsə, Lufthansa-nın varlığına son qoyula bilər.
Pilotlarla rəhbərlik arasında tarif mübahisələri artıq iki ildir uzanır. Bu müddətə 14-cü dəfə keçirilən tətillər səbəbindən aviadaşıyıcı 16 min reysi ləğv edib və 453 milyon avro ziyana düşüb.