DÜNYA
“Lufthansa” uçuş biletlərində endirim tətbiq edib
Bakı, 30 iyul, Elşad Qəzvini, AZƏRTAC
Almaniyanın aparıcı aviaşirkəti olan “Lufthansa” uçuş biletlərini ucuzlaşdıraraq yeni kateqoriyalı biletlərin tətbiqinə qərar verib.
AZƏRTAC şirkətin məlumatına istinadla xəbər verir ki, “Lufthansa” artıq bu ayın sonundan etibarən yeni qaydada biletləri satışa çıxaracaq. Yeni qayda oktyabrın 1-i tarixindən qüvvəyə minəcək. Uçuş biletləri “Layt”, “Klassik”, “Flex” və “Biznes-klass” daxil olmaqla 4 fərqli kateqoriya üzrə satışa çıxarılacaq.
Aviaşirkətın açıqlamasında bildirilib ki, ən münasib qiymətə satılacaq “Ekonom Layt” biletini (gediş-gəliş olmaqla) 89 avrodan başlayan qiymətlə alan hər bir sərnişin eyni zamanda baqaja (tək istiqamətə) 15 avro və sifarişli oturacaq üçün isə (tək istiqamətə) 10 avro ödəyəcək. Lakin sərnişin bu tipdə bilet alarsa, bileti dəyişdirmə ya da geri qaytarma hüququndan məhrumdur.
Digər klasslarda bilet sifariş edən sərnişinlər isə 23 kq-a qədər baqaj aparma və əlavə pul ödəmədən sifarişli oturacaq xidmətindən yararlana biləcək. Bu xidmətlə uçan sərnişinlərin həm də pulsuz yemək və içmək imkanı olacaq.
Qeyd edək ki, yeni qaydalar Almaniya daxili və Avropa ölkələrinə həyata keçirilən reyslər üçün tətbiq olunub.