MƏDƏNİYYƏT
Lüks turizm təmsilçiləri Bakıda bir araya gəliblər
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də “Fairmont” hotelində lüks turizm təmsilçilərinin “B2B Luxury & MICE Workshop” çərçivəsində görüşü keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyanın “TMI Consultancy” şirkətinin azərbaycanlı tərəfdaşlarla birgə təşkil etdiyi tədbir nazirliyin dəstəyi ilə ölkəmizdə artıq beşinci dəfə reallaşır.
Görüşdə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperator və turizm təşkilatlarının təmsilçiləri iştirak edib.
“B2B Luxury & MICE Workshop” kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanda turizm infrastrukturunun mövcud standartlara uyğunlaşdırılması və xarici turistlərin ölkəmizə axınının təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Tədbirdə əvvəlcə Sloveniya və Sinqapurun turizm potensialının təqdimatı keçirilib. Bu ölkələrdə turizmin müxtəlif növləri, sağlamlıq turizmi mərkəzləri, termal turizm haqqında geniş məlumat verilib.
“TMI Consultancy” şirkətinin meneceri Mariya Qorbaçova bildirib ki, görüş iştirakçılarının sayı ildən-ilə artır. Bu isə onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq getdikcə artmaqdadır. “B2B Luxury & MICE Workshop”un Azərbaycanda yenidən təşkili lüks turizmin inkişafına da müsbət təsir göstərəcək. Qeyd olunub ki, “B2B Luxury & MICE Workshop” növbəti tədbiri aprelin 12-də Qazaxıstanın Almatı şəhərində keçirilib. Ümumilikdə il ərzində dünyanın müxtəlif şəhərlərində belə tədbirlərin təşkil olunması nəzərdə tutulur.
Tədbir çərçivəsində yerli turizm şirkətləri ilə “B2B Luxury & MICE Workshop”da iştirak edən xarici ölkə hotelləri, sağlamlıq mərkəzləri, spa-kurortların təmsilçiləri və turizm şirkətlərinin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilib. Turist mübadilələrinin həyata keçirilməsi ilə bağlı cəlbedici təkliflər irəli sürülüb.
Müxtəlif ölkələrdən olan 40-dan çox turizm şirkəti “B2B Luxury & MICE Workshop”da öz imkanlarını təqdim edir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradılmasıdır. Eyni zamanda, qarşılıqlı turist səfərlərinin artmasında bu tipli görüşlər mühüm rol oynayır. Yerli turoperatorlar xarici həmkarları ilə əlaqələr qurur, həm onların məhsulları ilə tanış olur, həm də Azərbaycanın lüks turizm imkanlarını təqdim edirlər.