SİYASƏT
Lüksemburq parlamentində Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və sosial layihələr barədə danışılıb
Paris, 21 yanvar, AZƏRTAC
Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova və deputat Sabir Hacıyev Lüksemburq parlamentinin əmək, məşğulluq və sosial müdafiə üzrə komitəsinin üzvləri ilə görüşüb.
Görüşdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin əsas istiqamətləri, eləcə də ölkəmizdə sosial sahədə həyata keçirilmiş layihələr, iqtisadi islahatlar haqqında ətraflı məlumat verilib. İqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən söz açılıb. Ölkəmizdə qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının dövlət iqtisadi siyasətinin prioritet sahəsi olduğu vurğulanıb.
Söhbət zamanı ölkəmizdə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən danışılıb və bu sahədə təcrübə mübadiləsinə toxunulub.
Lüksemburqlu parlamentarilərə Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzləri və bu mərkəzlərdə göstərilən xidmətlər haqqında məlumat verilib. Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görüldüyü, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsinin təmin edildiyi bildirilib.
“ASAN xidmət” təcrübəsinin bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirildiyi, bu təcrübənin Azərbaycan modeli kimi təqdim edildiyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin müşaviri Elçin Bəşirov və Benilüks Azərbaycanlılar Konqresinin sədri Sahil Qasımov iştirak ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris