SİYASƏT
Lüksemburq portalı V Bakı Beynəlxalq Humanitar Forumundan yazır
Lüksemburq, 19 oktyabr, AZƏRTAC
Lüksemburqun www.jeudi.lu saytında V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, “Editpresse Luxembourg” portalının redaktoru Marina Nikls-Uşçekovanın “Azərbaycan multikulturalizmi sivilizasiyalararası dialoqun təməlidir” sərlövhəli məqaləsi yayılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin V Bakı Beynəlxalq Humanitar Forumunun açılışındakı nitqindən sitatlar gətirən müəllif tədbirin əhəmiyyəti haqqında məlumat verir. Bildirir ki, Prezident Humanitar Forumun artıq beşinci dəfə keçirildiyini və dünyada humanitar məsələlərin müzakirə edilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. Dövlət başçısı İlham Əliyev Forumun beynəlxalq dialoqun dəstəklənməsində əsl platformaya çevrildiyini, Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin bir ailə kimi sülh, dostluq şəraitində yaşadığını vurğulayıb.
Müəllif yazır ki, nitqində Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə Ermənistanın riayət etməməsinə bir çox dünya ölkələrinin rəhbərlərinin susmasının narahatlıq doğurduğunu vurğulayıb.
Məqalədə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyi qeyd olunur. Multikulturalizmin, multikonfessionallığın ölkəmizdə həyat tərzi olduğu diqqətə çatdırılır.
Lüksemburqlu redaktor V Bakı Humanitar Forumunda müxtəlif ölkələrin rəsmi şəxslərinin, eləcə də Avropa Şurasının, Avropa İttifaqının, UNESCO, ISESCO və digər beynəlxalq təşkilatların nümayəndələrinin, tanınmış dövlət xadimlərinin, dini konfessiyaların rəhbərlərinin, Nobel mükafatı laureatlarının iştirak etdiklərini bildirib.
Məqalədə Roma Papası Fransiskin ölkəmizə səfərindən, Prezident İlham Əliyevlə görüşündən də bəhs edilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq