ELM VƏ TƏHSİL
MƏDƏNİ İRSİN VƏ ƏNƏNƏVİ BİLİKLƏRİN QORUNUB SAXLANILMASINA HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS
Noyabrın 7-də Mədəniyyət Nazirliyinin Muzey mərkəzində “Musiqi Dünyası” nəşriyyat mərkəzinin təşəbbüsü və Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə keçirilən “Qloballaşma dövründə mədəni irsin və ənənəvi biliklərin qorunub saxlanılması” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlamışdır.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov konfransı giriş sözü ilə açaraq, tədbirin əhəmiyyətini vurğuladı, xalqımızın mədəni irsinin qorunmasına töhfə verəcəyinə əmin olduğunu bildirdi.
Üç gün çəkəcək və Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Estoniya, Tacikistan sənətşünaslarının, musiqiçilərinin iştirak etdikləri
konfransda müasir dövrdə ənənəvi mədəniyyətin problemləri, qloballaşma dövründə folklorun qorunması, mədəni irsin və ənənəvi biliklərin elektron vasitələri ilə saxlanılması, mədəni eynilik və kulturoloji baza və digər məsələlər barədə müzakirələr aparılacaqdır.