ELM VƏ TƏHSİL
“MƏDƏNİ İRS İLİ” MÖVZUSUNDA ELMİ KONFRANS
Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti beynəlxalq “Mədəni irs ili”nə həsr olunmuş elmi konfrans keçirmişdir.
AMEA-nın humanitar və ictimai elmlər bölməsinimn akademik- katibi Ağamusa Axundov konfransı açaraq xatırlatdı ki, Birləşmiş Millətlər Təşkilatı 2002-ci ili beynəlxalq “Mədəni irs ili” elan etmişdir. Bütün ölkələrdə olduğu kimi, respublikamızda da bu tədbirin geniş qeyd olunması üçün dövlətimizin başcısı müvafiq göstəriş və tövsiyələr vermişdir.
Elmi konfransın həmin çərçivədə keçirildiyini vurğulayan natiq xalqların yaratdıqları mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında belə tədbirlərin əhəmiyyətint vurğuladı.
Akademik Rasim Əfəndiyev “Azərbaycan xalq dekorativ sənəti dünya mədəniyyəti kontekstində”, AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı “Mədəni irsin qorunmasında muzeylərin rolu”, filologiya elmləri doktoru Azadə Musayeva ”Azərbaycanda Türkiyə ilə bağlı əlyazma abidələri”, filologiya elmləri namizədləri Teymur Kərimli “Klassik ədəbiyyatda varislik və poetik məktəb problemi”, Məmməd Adilov “Şərq əlyazmaları dünyanı birləşdirir” mövzularında məruzə etdilər.
Azərbaycanın zəngin milli mədəni irsə malik olduğunu, bu irsin qorunması, inkişafı və dünyada tanıdılması üçün dövlət səviyyəsində görülən işlərin önəmli yer tutduğunu diqqətə çatdıran məruzəçilər, habelə müzakirələrdə çıxış edənlər xaqın tarixini və mənəvi dəyərlərini əyani yaşadan, onun dünənini və bu gününü təsdiq və nümayiş etdirən, yazılı və maddi-mədəniyyət abidələrimizi gələcək nəsillərə çatdırmaq kimi əhəmiyyətli bir vəzifəni yerinə yetirən müzeylərin əvəzsiz xidmətindən, Şərq əlyazmalarının böyük əhəmiyyətindən ətraflı söhbət açdılar.
İstər məruzələrdə, istərsə də, çıxışlarda mədəni irsimizin inkişaf etdirilməsi və qorunması sahəsində mövcud problemlərdən və onların həlli yollarından da ətraflı danışıldı.