ELM VƏ TƏHSİL
MƏKTƏBİN İKİNCİ HƏYATI
Bakılılar şəhərin mərkəzində yerləşən 23 nömrəli orta məktəbi yaxşı tanıyırlar. Onların bir çoxu bu bilik ocağını bitirmişdir və öz məktəb illərini indiyədək xatırlayırlar.
Gənc nəslin təlim-tərbiyəsinə təxminən 70 il xidmət edən məktəbin binası, demək olar, yararsız hala düşmüşdü. Üstəlik, Bakıda baş vermiş güclü zəlzələ nəticəsində binanın divar və tavanlarında çatlar əmələ gəlmişdi. Bütün bunlara görə binanı təmir etmək qərara alınmışdı.
Türkiyənin tikinti şirkətlərindən biri 80 azərbaycanlı fəhlənin iştirakı ilə bu beşmərtəbəli binada əsaslı təmir işlərini çox qısa müddətdə başa çatdırmışdır. Divarlar, tavanlar, çürüyüb tökülən döşəmələr tamamilə təzələnmiş, binanın qızdırıcı sistemi yeniləşdirilmiş, 30 sinif otağı təmir olunmuşdur. Özü də bütün bu işlər müasir dizayna tam uyğun şəkildə görülmüşdür. 23 nömrəli məktəbin ingilis dili təmayüllü məktəb olduğu nəzərə alınaraq, linqofon kabinetləri müasir texniki avadanlıqla təchiz edilmişdir. Aşağı sinif şagirdləri bədən tərbiyəsi dərslərini kiçik idman salonunda, qalanları isə yaxşı təmir olunmuş böyük idman salonunda keçəcəklər.
Bu il məktəbdə 800-dən artıq şagird təhsil alacaqdır. Onların 150 nəfəri birinci sinfə gedəcəkdir.