İQTİSADİYYAT
MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYA İCLASINDA “AZƏRBAYCAN RESPUBLİKASINDA SOSİAL İQTİSADİ İNKİŞAFIN SÜRƏTLƏNDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA” FƏRMANDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
İclası giriş sözü ilə açan maliyyə naziri Əvəz Ələkbərov Fərmanın Azərbaycanda cənab Heydər Əliyev tərəfindən başlanılan uğurlu sosial-iqtisadi siyasət xəttinin davam və inkişaf etdirilməsi üçün mühüm bir sənəd - uzunmüddətli proqram olduğunu qeyd etmiş və onun əhəmiyyətini açıqlamışdır.
Əvəz Ələkbərov bu Fərmanın icrası olaraq ölkənin regionlarının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun, o cümlədən sənaye, kənd təsərrüfatı və digər sahələrin işinin canlandırılması, dövlət büdcəsindən ayrılan vəsaitin düzgün və təyinatına görə istifadəsinə nəzarətin gücləndirilməsi, əmək haqqı, təqaüd və sosial sığorta sisteminin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı tədbirlərin həyata keçiriləcəyini bildirmişdir.
Nazir yerinə yetiriləcək işlər nəticəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafına, əhalinin maddi rifah halının yaxşılaşmasına və sosial müdafiəsinin gücləndirilməsinə, əmək haqlarının, təqaüdlərin, pensiya və müavinətlərin artırılmasına, dövlət maliyyə nəzarətinin gücləndirilməsinə nail olunacağını vurğulamışdır.
Əvəz Ələkbərov bildirmişdir ki, Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası məqsədi ilə hazırlanmış tədbirlər planında nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verilmiş və icra müddətləri müəyyən olunmuşdur.
Kollegiya iclası tədbirlər planını təsdiq etmişdir.