İQTİSADİYYAT
MALİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2001-ci il sentyabrın 1-dən dövlət daxili uduşlu istiqrazları dövriyyəyə buraxılmışdır.
Dövlət təminatlı istiqrazların ümumi məbləği 40 milyard manat olmaqla, nominal dəyəri 20 min və 40 min manat təşkil edir.
Istiqrazların dövriyyə müddəti 2010-cu il yanvarın 1-də başa çatacaqdır.
Istiqrazlar üzrə gəlirlər buraxılışın orta hesabla illik 12 faişi həcmində uduş şəklində ödənilir.
Uduşların məbləği 40 min manatdan 50 milyon manata qədərdir. Istiqrazların könüllülük əsasında nəğd yolla satılıb alınması və uduşların ödənilməsi Birləşmiş Universal Səhmdar Bankının idarə, filial və kassaları tərəfindən həyata keçiriləcəkdir.
Ildə 8 uduş tirajının keçirilməsi nəzərdə tutulmuşdur. Uduş tirajının tarixi, vaxtı və keçiriləcəyi ünvan barədə mətbuat vasitəsilə məlumat veriləcək və uduş tirajının cədvəli rəsmi qəzetlərdə dərc olunacaqdır.
Ilk uduş tirajı 2001-ci il sentyabrın 30-da Bakı şəhərində keçiriləcəkdir.