MƏDƏNİYYƏT
“MƏN ÖLƏNDƏN SONRA” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasim iştirakçıları əvvəlcə Ə.Şahidin həyat və yaradıcılığına həsr edilmiş fotosərgiyə baxmışlar.
Poeziya evinin direktoru Şahin Verdiyev mərasimi açaraq, Ələkbər Şahidin yeni kitabının işıq üzü görməsi münasibətilə qəzəlsevərləri təbrik etmiş, ədəbiyyatımızda Füzulinin adı ilə qoşa çəkilən bu janrın inkişafında Ə.Şahidin xidmətlərindən ətraflı danışmışdır.
Tarix elmləri doktoru, şair Şahin Fazil “Ələkbər Şahidin həyat və yaradıcılığı” mövzusunda məruzə etmişdir. Qəzəlxan həkim Qəni, şair Ənvər Nəzərli, xanəndə hacı Tələt Qasımov və başqaları mərasimdə çıxış edərək Ələkbər Şahidi rəvan təbli qəzəlxan kimi səciyyələndirmiş, onun öz həmkarları arasında sayılıb seçildiyini, 1995-ci ildə şairin 75 illiyinin təntənə ilə qeyd olunduğunu, haqqında sənədli televiziya filmi çəkildiyini vurğulamış, onunla bağlı xatirələrini söyləmişlər.
Balaca Şahid babasının “Mən öləndən sonra” qəzəlini demişdir.
Tanınmış muğam ustalarımız şairin qəzəllərini ifa etmişlər.
Dilarə Şahid atasının xatirəsinə göstərdikləri diqqət və ehtirama görə mərasim iştirakçılarına öz minnətdarlığını bildirmişdir.