MƏDƏNİYYƏT
M.Ə.Sabir Fondu yeni layihə üzərində çalışır
Bakı, 26 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 26-da Mirzə Ələkbər Sabirin anadan olmasının 153-cü ildönümü ilə əlaqədar böyük şairin adını daşıyan fondun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, fondun rəhbəri Sevda Tahirli rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, qurumun fəaliyyətinin əsas məqsədlərindən biri cəmiyyətimizdə milli dəyərlərimizi qorumaq, habelə Sabirin vurğuladığı kimi, insanlarda vətənpərvərlik hissini gücləndirməkdən ibarətdir.
Təbirdə KİV nümayəndələrinin diqqəti televiziya verilişləri, radio reportajları, internet saytları, reklam və elanlarda rast gəlinən təhrif və qüsurları əks etdirən videoçarxa yönəldilib. Videoçarxda Azərbaycan ədəbi dil normalarının pozulmasına dair faktlar yer alıb.
Mətbuat konfransında müxtəlif KİV-ləri təmsil edən nümayəndələrlə milli mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində fikir mübadiləsi aparılıb. Çıxışlarda cəmiyyətin və mətbuatın əsas borcunun dilimizi qorumaqdan ibarət olduğu bildirilib, dilimizi yad təsirlərdən və yersiz əcnəbi kəlmələrdən təmizləmək üçün təkliflər irəli sürülüb.
Tədbir çərçivəsində jurnalistlərə M.Ə.Sabirin “Hophopnamə”si hədiyyə olunub.