ELM VƏ TƏHSİL
MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan Dövlət Neft Akademiyasında “Məzun-2003” adlı təntənəli buraxılış mərasimi keçirilmişdir. Akademiyadan müxbirimizə bildirmişlər ki, rektor, MEA-nın müxbir üzvü Siyavuş Qarayev mərasimi açaraq elm və təhsilimizin inkişafında dünya şöhrətli siyasi xadim, Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Son 10 ildə respublikamızın təhsil sistemində, xüsusilə akademiyada qazanılmış nailiyyətlərdən bəhs edən natiq bildirmişdir ki, 2003-cü tədris ilində bu ali məktəbi 22 ixtisas üzrə 1584 tələbə, o cümlədən 20 əcnəbi gənc bitirmişdir. Onlardan 93-ü fərqlənmə diplomuna layiq görülmüşdür. Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları çıxış edərək ölkə iqtisadiyyatının inkişafında neftçi kadrların xüsusi rolu olduğunu vurğulamış, məzunları təbrik etmiş, onlara uğurlar arzulamışlar. Mərasimdə çıxış edən məzunlar onlara göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.