İQTİSADİYYAT
“MC&S”in media monitorinq qrupu iyul üzrə məlumatların hesabatına yekun vurub
Bakı, 1 avqust, AZƏRTAC
“MC&S”in media monitorinq qrupu iyul ayı üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, media monitorinq qrupu 10 televiziya, 55 çap və 400 onlayn media daxil olmaqla, 465-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edilib. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında “Azercell” (668 məlumat), banklar arasında “Azərbaycan Beynəlxalq Bankı” (1616 məlumat), sığorta şirkətləri arasında “Rəvan Sığorta” (190 məlumat), ali məktəblər arasında Bakı Ali Neft Məktəbi (1514 məlumat), otel və biznes mərkəzləri arasında isə “Excelsior Hotel Baku” (168 məlumat) irəlidədir.