SİYASƏT
MDB Hökumət Başçıları Şurasının növbəti iclasının gündəliyinin layihəsi hazırlanıb
Şuranın sədri, Belarus Respublikasının Birliyin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi Vasili Puqaçov jurnalistlərə müsahibəsində qeyd edib ki, daimi səlahiyyətli nümayəndələr, ilk növbədə, MDB Hökumət Başçıları Şurasının (HBŞ) noyabrın 21-də Aşqabadda keçiriləcək iclasının gündəliyinin layihəsinə təklifləri müzakirə ediblər.
Diplomatın sözlərinə görə, gündəlik layihəsinə çoxlu sayda təklif irəli sürülüb. İqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəldilən bu təkliflər həm də bir sıra təşkilati-maliyyə məsələlərini əhatə edir.
Məsələn, iqtisadi blokda Azad Ticarət Zonası haqqında Müqavilənin icrasını nəzərdən keçirmək, yerin təkinin kəşfiyyatı, istifadə olunması və mühafizəsi sahəsində əməkdaşlığın vəzifələrini müəyyən etmək nəzərdə tutulur. Bundan əlavə, Birlik ölkələrinin hökumət başçıları neft və neft məhsulları bazarlarında rəqabətin və qiymətyaranmanın vəziyyətini də müzakirə edəcəklər. V.Puqaçov deyib: “Ümumsistem xarakteri daşıyan bu məsələlər təkcə neft və neft məhsullarının ticarəti sahəsində siyasəti və işlərin müvafiq vəziyyətini müəyyən etmir, həm də MDB-nin iştirakçısı olan dövlətlərdə makroiqtisadi və sosial-iqtisadi vəziyyətə təsir göstərir. Odur ki, monitorinq aparan işçi qruplar təşkil edilib. Nəzərdə tutulub ki, baş nazirlər neft və neft məhsulları bazarlarında məhz qiymətyaranma sahəsində vəziyyəti müzakirə edəcəklər”.
Onun sözlərinə görə, humanitar blokda humanitar əməkdaşlıq sahəsində növbəti ikiillik prioritet tədbirlər planını nəzərdən keçirmək planlaşdırılır.
V.Puqaçov bildirib ki, turizm sahəsində strateji əməkdaşlığın həyata keçirilməsi üzrə tədbirlər planını, Böyük Vətən müharibəsi veteranlarına tibbi-sosial yardım barədə məsələni HBŞ-nin iclasına çıxarmaq da nəzərdə tutulur.
O, qeyd edib ki, Birlik çərçivəsində baza təşkilatları institutundan geniş istifadə olunur. Bu təsisat özünü müsbət cəhətdən tanıdıb və səmərəli olduğunu göstərir.
2011-ci il 18 oktyabr tarixli Azad Ticarət Zonası haqqında Müqavilənin müddəalarının icrasına dair sənədlər layihəsinin hazırlanmasının gedişatı DSNŞ-nin iclasında müzakirə edilən ikinci məsələ olub. Söhbət gələcəkdə azad ticarət xidmətlərinin inkişafına, dövlət satınalmaları sahəsinin tənzimlənməsinə, ixrac rüsumlarının azaldılmasına və mərhələli şəkildə ləğv edilməsinə, boru kəməri nəqliyyatı vasitəsilə tranzitin təşkilinə yönəldilən sənədlərdən gedir.
Vasili Puqaçov xatırladıb ki, oktyabrın 9-10-da Minskdə bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək. MDB Dövlət Başçıları Şurasının (DBŞ) iclası bu tədbirlərin ən mühümüdür. DBŞ-yə sədrlik edən Belarus Prezidenti Aleksandr Lukaşenko adından birliyin bütün ölkə başçılarına sammitə dəvət məktubu göndərilib.
AZƏRTAC-ın xəbər verdiyi kimi, iclasda 17 sənəd, o cümlədən MDB-nin iştirakçısı olan ölkələrin dövlət başçılarının 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümü ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya birliyinə Müraciəti, Rusiyanın Voronej şəhərinin və Tacikistanın Qulab şəhərinin 2015-ci ildə MDB-nin mədəni paytaxtları elan edilməsi, habelə 2016-cı ilin Birlikdə Təhsil İli elan edilməsi haqqında qərarları nəzərdən keçirmək nəzərdə tutulub.
Prezidentlər MDB-nin gələcək inkişaf konsepsiyasının həyata keçirilməsinə dair əsas tədbirlər planının yerinə yetirilməsinin gedişatını təhlil edəcək, Birliyin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının regionlararası əməkdaşlığın inkişafında rolunu və digər mühüm məsələləri müzakirə edəcəklər.
V.Puqaçov bildirib: “2015-ci ildə müstəqil Dövlətlər Birliyində sədrlik haqqında məsələ məcburi qaydada nəzərdən keçiriləcək. Hazırda MDB-nin həmsədri Qazaxıstandır və respublikanın gələn il sədrlik funksiyasını öz üzərinə götürəcəyi planlaşdırılır”.
Zeynal Ağazadə
AZƏRTAC –ın xüsusi müxbiri
Minsk