SİYASƏT


MDB İcraiyyə Komitəsində Daimi Nümayəndələr Şurasının növbəti iclası keçirilib

A+ A

Minsk, 30 avqust, AZƏRTAC

Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin üzvü olan dövlətlərin qurumun nizamnamə və digər orqanlarında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası keçirilib. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.

İcraiyyə Komitəsinin sədri-qurumun icraçı katibi Sergey Lebedevin də iştirak etdiyi iclasda daimi nümayəndələr oktyabrın 28-də MDB Hökumət Başçıları Şurasının Minskdə keçiriləcək iclasının gündəliyinin layihəsini müzakirə ediblər. Layihəyə 20 məsələ daxil olunub. Hökumət başçılarının azad ticarət zonası haqqında müqavilənin həyata keçirilməsinin gedişi, 2030-cu ilə qədərki dövr üçün MDB ölkələrinin enerji resurslarının istehsalı və istehlakı proqnozu və orta müddətli humanitar əməkdaşlıq sahəsində prioritet tədbirləri müzakirə edəcəyi gözlənilir.

Bundan başqa, gündəliyin layihəsinə dağ-mədən və avtomobil sənayesi, müəllif hüquqlarının pozulması ilə istehsal edilən saxta məhsulların yayılmasına qarşı mübarizə və istehlakçıların hüquqi maarifləndirilməsi sahəsində əməkdaşlıqla bağlı məsələlər daxildir.

İclasda informasiyalı cəmiyyətin yaradılması, hidrometeoroloji fəaliyyət, əqli mülkiyyət bazarının formalaşması və inkişaf etdirilməsində əməkdaşlığı tənzimləyən sənədlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Daimi nümayəndələrin iclasında, həmçinin “Nesvij” Milli Tarix və Mədəniyyət Muzeyi-Qoruğu” dövlət idarəsinin – MDB-nin iştirakçı dövlətlərinin muzey işi istiqaməti üzrə baza təşkilatının fəaliyyəti müzakirə olunub. Tərəflər muzey-qoruğa MDB ölkələrinin müvafiq qurumları və idarələri ilə işi gücləndirməyi tövsiyə ediblər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.