DÜNYA
MDB İcraiyyə Komitəsinin başçısı Kiyevin yenidən dialoqa qoşulacağına ümid bəsləyir
Minsk, 15 dekabr, AZƏRTAC
MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev bildirib ki, gələn il Ukraynanın Birlikdə yenə də fəal iştirak edəcəyinə ümid bəsləyir.
AZƏRTAC qurumun Minskdəki qərargahının rəsmi saytına istinadla xəbər verir ki, S.Lebedev bunu dekabrın 15-də Minskdə jurnalistlərə söyləyib.
O deyib: “Ukrayna indiyədək Birliyin üzvüdür. Ümid edirik ki, gələn il o, MDB çərçivəsində hərtərəfli əməkdaşlıq istiqamətində addımlar atacaq”.
S.Lebedev əlavə edib ki, Kiyevin MDB-də iştirakının məqsədəuyğunluğu barədə bu mövqeni MDB-nin iştirakçısı olan bütün ölkələrin başçıları bölüşürlər.
İcraçı katib deyib: “MDB-yə üzvlüyün həm Ukraynaya, həm də Birliyə faydalı olması barədə mövqeyi MDB dövlət başçılarının mövqeyi ilə uzlaşır. Biz çox istəyirik və arzu edirik ki, Ukrayna yenə də Birliyin fəal iştirakçısı olsun”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk