ELM VƏ TƏHSİL
MDB TƏHSİL EKSPERTLƏRİNİN İCLASI
AZƏRTAC Rusiyanın informasiya agentliklərinə istinadla xəbər verir ki, MDB ekspertləri Minskdə Birliyin İcraiyyə Komitəsində təhsil sahəsində bir sıra sazişlərin layihələrini razılaşdıracaq və təkmilləşdirəcəklər. İyulun 15-16-da keçiriləcək iclasa MDB ölkələri vətəndaşlarının qoyulmuş şərtlərlə ümumtəhsil məktəblərinə daxil olmasının təmin edilməsi haqqında, habelə ümumtəhsil müəssisələri şagirdlərinin və pedaqoji işçilərinin sosial müdafiəsi haqqında, orta, ibtidai təhsilə və orta peşə təhsilinə dair sənədlərin ekvivalentliyinin tanınması haqqında sazişlərin layihələri verilmişdir. MDB ölkələrində yaşlıların təhsilinin inkişafı konsepsiyasının, təhsil sahəsində əməkdaşlığın dəstəklənməsi fondunun yaradılması haqqında təsis müqaviləsinin layihələri də nəzərdən keçiriləcəkdir.