İQTİSADİYYAT
MDB Turizm Şurasının Bişkekdə keçirilən iclasında qabaqcıl təcrübənin tətbiqi məsələləri müzakirə edilib
Bişkek, 9 iyul, AZƏRTAC
Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi ilə əlaqədar MDB Turizm Şurasının iclası keçirilib.
İclasda MDB ölkələrində turizmin inkişafı, yeni iqtisadi reallıq şəraitində bu ölkələrdə turizm sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, Birliyin 25 illiyinə həsr olunan dövlət tədbirlərinin keçirilməsi və Şuranın bu tədbirlərdə iştirakı haqqında müzakirələr aparılıb.
Şuranın iclasında 2015-2017-ci illər üçün Tədbirlər Planının yerinə yetirilməsi, MDB-nin 2020-ci ilə qədərki dövrdə turizm sahəsində əməkdaşlığın inkişafı strategiyasının və 2018-2020-ci illərdə keçiriləcək Tədbirlər Planının layihəsi müzakirə edilib.
MDB ölkələrinin nümayəndələri öz ölkələrində turizmin inkişaf etdirilməsi istiqamətində aparılan dövlət siyasəti və özəl turizm şirkətlərinin fəaliyyəti haqqında məlumat veriblər.
Bildirilib ki, Şura üzvü olan ölkələrdə birgə turizm paketi layihəsinin icrasına başlamaq mümkündür və bu, çox sərfəli bir layihə ola bilər. Belə ki, Qazaxıstana gələn turist mütləq qaydada Qırğızıstana da gedir, bu ölkənin tarixini, mədəniyyətini öyrənir və ya əksinə.
Tədbirdə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi sahəsində də müzakirələr aparılıb, Belarusun aqroekoturizm sahəsinin təcrübəsi təqdir olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek