DÜNYA
MDB-dən olan müşahidəçilər Belarusun bütün seçki dairələrində işləyəcəklər
Minsk, 26 avqust, AZƏRTAC
MDB-dən olan müşahidəçilər Belarusun bütün seçki dairələrində işləyəcəklər. AZƏRTAC bu barədə BELTA agentliyinə istinadla xəbər verir.
Hazırda Belarusda Birlikdən olan 44 uzunmüddətli müşahidəçi seçkiqabağı təşviqatın gedişini, seçici siyahıları ilə işi izləyir. MDB-dən olan müşahidəçilər missiyasında 300-dən çox üzv olması planlaşdırılır. Müşahidəçilər missiyasının qərargah rəhbəri Yevgeni Sloboda deyib: “Biz müşahidəçiləri bütün dairələr üzrə bölüşdürmüşük, heç bir dairə diqqətdən kənarda qalmayacaq”. Səsvermə günü – sentyabrın 11-də müşahidəçilər seçki məntəqələrinin açılmasını, səsvermənin gedişini, səslərin hesablanmasını və bir sözlə, bütün mərhələləri izləmək niyyətindədirlər.
MDB-nin müşahidə missiyası seçkilərdən sonra mətbuat konfransı keçirəcək. Orada parlament kampaniyasının ilkin yekunlarına dair rəy və nəticələr şərh ediləcək. Yaxın vaxtlarda müşahidəçilərin aralıq hesabatının dərc edilməsi planlaşdırılır.
Y.Sloboda vurğulayıb ki, Belarusda parlament seçkiləri kampaniyasını təcrübəli ekspertlər, milli parlamentlərin, o cümlədən Azərbaycan parlamentinin nümayəndələri, müxtəlif səviyyəli seçki komissiyalarının, diplomatik korpusun nümayəndələri müşahidə edəcəklər. Missiyanın tərkibinə MDB üzvü olan bütün dövlətlərdən ekspertlər daxil olacaq, ona, həmçinin Birliyin parlamentlərarası assambleyasının, Belarus-Rusiya İttifaqının parlament məclisinin və digər strukturların nümayəndələri qoşulacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk