SİYASƏT
MDB dövlət başçılarının terrora qarşı Bəyanatının layihəsi razılaşdırılıb
Minsk, 29 iyul, AZƏRTAC
İyulun 28-29-da Minskdə, MDB İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin başçılarının İŞİD və digər terrorçu təşkilatlara qarşı mübarizə ilə əlaqədar gələcək addımlarına dair Bəyanatının və MDB Dövlət Başçıları Şurasının (DBŞ) həmin məsələ ilə bağlı qərarının layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a qurumun Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.
İclas iştirakçıları Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna və digər ölkələrin qeyd və təkliflərini nəzərə alaraq, sənədlərin layihələrini tamamlayıblar, Bəyanatın layihəsinin adını dəyişdirərək, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin başçılarının beynəlxalq terrorizmə qarşı mübarizə üzrə gələcək birgə səyləri haqqında Bəyanatı” adlandırılıb və səs çoxluğu ilə razılaşdırılıb.
MDB İcraiyyə Komitəsi sənədlərin layihələrini ölkələr daxilində razılaşdırmaq üçün ekspert qrupunun iclasının materiallarını MDB ölkələrinə göndərəcək. Bundan sonra onlar müəyyən edilmiş qaydada baxılması üçün MDB DBŞ-yə təqdim ediləcək.
Bəyanatın layihəsi Rusiya tərəfindən hazırlanıb. Sənəddə terrorizm tərəfindən beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlərin artmasından narahatlıq ifadə olunur, terrorizmin bütün forma və təzahürləri ilə kəskin qınanır və vurğulanır ki, ideoloji, dini, siyasi, irqi, etnik və yaxud digər səbəblərlə terror aktlarına bəraət əsla qazandırıla bilməz.
Sənəddə terrorizmə qarşı səmərəli mübarizə aparmaq və BMT-nin himayəsi altında beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan geniş antiterror koalisiyası formalaşdırmaq üçün dünya birliyinin səylərini birləşdirməyin zəruri olmasına əminlik ifadə olunub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk