CƏMİYYƏT


MDB məkanında şəkərli diabet xəstələrinə dövlət qayğısı haqqında ilk qanun Azərbaycanda qəbul olunub

A+ A

Bakı, 11 fevral, Günel Məlikova, AZƏRTAC

Hazırda dünyada 250 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Diabet elə bir xəstəlikdir ki, bütün bədən üzvlərini zədələyir. Bu səbəbdən şəkərli diabet artıq bütün dünyada sosial problemə çevrilib.

Şəkərli diabetin ən başlıca fəsadları damarların zədələnməsidir. Bu xəstəliyin müalicəsində istifadə olunan dərmanlar hazırda kifayət qədər var. Lazımi preparatların tətbiq olunması hesabına xəstələrin orta ömür müddəti əvvəlki illərə nisbətən uzanıb. Əvvəllər bu xəstəliyə tutulandan sonra insanların orta ömür müddəti beş-yeddi il olurdu və adətən diabetin ağırlaşmış forması-koma ilə nəticələnirdi. Onların damarlarında yaranan fəsadlar təxmini 1-2 faiz təşkil edirdi.

Hazırda tibbin irəliləməsi ilə əlaqəli olaraq belə insanların orta xəstəlik müddəti 30-50 ildir. Bu da o deməkdir ki, xəstəliyin ömrünün uzanması nəticəsində damar problemlərinin sayı da artır. Hazırda diabetik koma 1-1.5 faiz hallarda rast gəlinir. Əksər hallarda diabet damar xəstəliyi (insult, infarkt, böyrək çatışmazlığı, aşağı ətrafların qanqrenası) ilə nəticələnir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Səhiyyə Nazirliyinin baş endokrinoloqu, professor Rafiq Məmmədhəsənov bildirib.

Baş endokrinoloq deyib: “MDB məkanında şəkərli diabet xəstələrinə dövlət qayğısı haqqında ilk qanun Azərbaycanda qəbul olunub. Digər ölkələrdə sonralar bu qanundan model kimi istifadə olunub. Ölkəmizdə xəstələrin əksəriyyəti dövlət təminatındadır. Bu Qanuna əsasən əvvəllər istifadə edilən heyvan mənşəli insulin yeni hazırlanmış insan insulini ilə eyni molekul tərkibli analoji preparatla əvəz olunub. Belə ki, əvvəllər istifadə olunan insulinin tərkibindəki amin turşu ağır fəsadlarla nəticələnirdi.

Ümumiyyətlə diabet iki tipə bölünür. Birinci tip 40 yaşına qədər insanlarda əmələ gələn diabetdir ki, bu da bədənin tamamilə insulin hasil etməməsi səbəbindən əmələ gəlir. Belə insanların bədəninə mütəmadi olaraq insulin yeridilməlidir.

İkinci tip 40 yaşdan yuxarı şəxslərdə əmələ gələn “yaşlıların diabeti” adlandırılır. Bunların müalicəsi üçün əksər hallarda insulin tələb olunmur. Xəstəliyin ağırlaşmış halında insulindən istifadə olunur ki, buna da nadir hallarda rast gəlinir. Belə xəstələrdə həblər və pəhrizlə ümumi vəziyyəti stabil saxlamaq olur.

Faiz etibarilə ikinci tip diabet digərinə nisbətən üstünlük təşkil edir. Belə ki, dünyada hər yüz nəfərin 80-85 faizi ikinci tip diabetdən əziyyət çəkir. Bu xəstəlik bəzi əlamətlərlə özünü büruzə versə də, adətən simptomsuz davam edir. Bu tip diabetli insanlar xəstəlikdən xəbərləri olmadan həyatlarına davam edirlər.

Birinci tip diabetin simptomlarına gəldikdə isə bunlar ağız və dodaqların quruluğu, səbəbsiz arıqlama, yanğı (susuzluq) hissi, çox su içmək, tez-tez sidiyə getmək, iştahanın artması və sairədir.

Şəkərli diabetə meyl göstərmənin ilkin faktoru piylənmədir. Belə ki, əksər hallarda artıq çəki insulin çatışmazlığı ilə nəticələnir. Piylənmə ilə yanaşı karbohidratla zəngin qidalar, hipodinamiya (hərəkət çatışmazlığı, oturaq həyat tərzi), xroniki stress, genetik faktorlar şəkərli diabetin yaranmasının əsas səbəbləridir.

Şəkərli diabet zamanı qəbul olunan preparatların əksəriyyəti bədənin müxtəlif orqanlarında metabolizmə uğrayır. Lakin bu xəstəlik zamanı orqanlarda yaranan problemlər dərmanlardan çox xəstəliyin fəsadlarıdır. Buna baxmayaraq belə dərmanların qəbulu bədəndə piylənmənin azalması ilə yanaşı, qaraciyərin piylənməsinin də qarşısını alır. Hər dərmanda olduğu kimi bu dərmanların da yanaşı təsiri var. Misal üçün mədə bulanması, qusma. Onu da qeyd etmək lazımdır ki, qaraciyər çatışmazlığı olduğu halda belə preparatların qəbulu düzgün deyil.

Son zamanlar geniş yayılmış endokrinoloji xəstəliklərdən biri də endemik urdur. Bu xəstəlik adətən yod çatışmazlığı səbəbindən yaranır. Urun profilaktikası məqsədilə respublikamızda yod çatışmazlığı haqqında qərar qəbul olunub və hazırda ölkəmizdə istehsal olunan bütün duzlar yodlaşdırılır. Bununla lazımi miqdarda yod bədənə daxil olur. Ölkəmizin bəzi regionlarında suda yod çatışmazlığı var. Bu səbəbdən o ərazilərdə yaşayan insanlar mütləq yodlaşdırılmış duzdan istifadə etməlidirlər.

Onu da qeyd edim ki, yod çatışmazlığı səbəbindən əsasən uşaqlarda endemik urla yanaşı, əqli zəiflik, şişkinlik, cırtdanboyluq da əmələ gələ bilər”.

Son olaraq professor qeyd edib ki, bu xəstəliyin artmasının qarşısını almaq üçün maarifləndirici tədbirlərin aparılması əsas rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.