DÜNYA


MDB müşahidəçilərinin fikrincə, Moldovada seçkilər şəffaf keçirilib

A+ A

Kişineu, 14 noyabr, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin beynəlxalq müşahidəçilər missiyası hesab edir ki, Moldova Respublikasında prezident seçkilərinin ikinci turu bəzi çatışmazlıqlara baxmayaraq, şəffaf və ədalətli keçirilib.

Müşahidəçilərin fikrincə, Moldova vətəndaşları öz iradələrini sərbəst ifadə ediblər. Onların bu bəyanatı noyabrın 14-də mətbuat konfransında səslənib. AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, mətbuat konfransında 13 noyabr tarixli prezident seçkilərinin müşahidəsinə dair hesabat təqdim olunub.

MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin Baş katibi – rəhbəri Aleksey Sergeyev bildirib ki, müşahidəçilər Moldova Mərkəzi Seçki Komissiyası, məntəqə seçki büroları ilə dialoqun səviyyəsini əvvəlki kimi yüksək qiymətləndirirlər.

O deyib: “Biz hesab edirik ki, MSK ikinci turda da peşəkarcasına fəaliyyət göstərib”.

MDB-dən olan müşahidəçilər etiraf ediblər ki, seçkiqabağı təbliğat və təşviqat kampaniyası daha fəal, lakin daha sərt olub. Namizədlər vətəndaşlarla görüşlərdən imtina ediblər, ünsiyyət üçün daha çox sosial şəbəkələrə müraciət ediblər.

Müşahidəçilər qeyd ediblər ki, müəyyən qüsurlar seçkilərin nəticələrinə təsir göstərməyəcək. MDB-dən olan müşahidəçilərin qəti qənaətinə görə, prezident seçkilərinin ikinci turu Moldova Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə müvafiq təşkil edilib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.