İQTİSADİYYAT


MDB-nin Elmi-Texniki Komissiyasının 38-ci iclasında standartların beynəlxalq tələblərə uyğunlaşdırılması müzakirə olunub

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 3-dən 4-dək Bakıda Müstəqil Dövlətlər Birliyi Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Elmi və Texniki Komissiyasının uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə 38-ci iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan və Qırğızıstanın standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının və Dövlətlərarası Şuranın nümayəndələri iştirak ediblər.

İclasda uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində Azərbaycanın digər MDB ölkələri ilə qurulmuş həm ikitərəfli, həm də təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrindən, bu sahədə əldə olunan uğurlardan bəhs edilib.

Qeyd olunub ki, ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyi nəticəsində rəqabətqabiliyyətli mal və məhsulların istehsal həcmi artır, yerli məhsullar xarici bazarlarda layiqli yer tutur. Ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində də bir sıra işlər görülüb. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun 2014-cü ildə qəbul olunduqdan sonra bu sahədəki fəaliyyətin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi sürətlənib. Komitə yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunub, komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya olunub.

Elmi-Texniki Komissiyanın uyğunluğun qiymətləndirilməsi üzrə 38-ci iclasında Dövlətlərarası Şuranın əvvəlki iclaslarında qəbul olunmuş qərarların icra vəziyyəti, 2016-2020-ci illər üzrə Dövlətlərarası Şuranın strukturunun inkişaf mexanizmi, Şuraya üzv dövlətlərin iqtisadi inkişafı strategiyası, milli sertifikatlaşdırma sistemlərinin effektivliyi və uyğunluq sertifikatlarının qarşılıqlı tanınması, MDB ölkələrinin hüquqi bazasının inventarlaşdırılması, “Sertifikatlaşdırma işlərinin qarşılıqlı tanınması prinsipi haqqında” 1992-ci il iyunun 4-də bağlanmış Sazişə dəyişikliklər və gündəlikdə qarşıya qoyulan digər cari məsələlər müzakirə edilib.

Elmi-Texniki Komissiyanın akkreditasiya üzrə 38-ci iclasında "Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması haqqında” Saziş, beynəlxalq (ISO, IEC) standartlara keçidlə əlaqədar olaraq, həmin standartlar əsasında yeni dövlətlərarası (ГОСТ) standartların hazırlanması və digər mövzularda müzakirələr olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.