İQTİSADİYYAT
MDB-nin İnformasiya Şurası “Qələbənin70 illiyi” fotosərgisini təqdim edir
Bakı, 20 aprel, AZƏRTAC
MDB-nin iştirakçısı olan dövlətlərin informasiya agentlikləri tərəfindən hazırlanmış “Qələbənin 70 illiyi” fotosərgisi Böyük Vətən müharibəsi illərində sovet xalqının qəhrəmanlığına həsr olunub. AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadən xəbər verir ki, www.ania-news.info/exhibition70/index.html saytında Birlik ölkələrindən 90-dan çox fotoşəkil təqdim edilib.
Sərgi MDB Ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurasının) qərarı ilə arxivlərdə saxlanılan fotosalnamə əsasında yaradılıb. Böyük Vətən müharibəsinin müxtəlif illərində çəkilmiş fotoşəkillər cəbhələrdə gedən döyüşlərdən, partizan hərəkatından, Qələbə naminə Qızıl Ordu əsgərlərini zəruri ləvazimatla təchiz edən arxa cəbhənin işindən, zavod və fabriklərdə dəzgahlar arxasında öz valideynlərini əvəz edən uşaqlardan bəhs edir. Sərgidə cəbhə yoldaşlarının xatirəsini yad etmək üçün veteranların qarşısına toplaşdıqları memorialların fotoşəkilləri də nümayiş etdirilir.
MDB İnformasiya Şurasının sədri, TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov deyib: “TASS Agentliyinin MDB-nin digər ölkələrindən olan həmkarları ilə birlikdə hazırladığı fotosərgi 1945-ci ilin Böyük Qələbəsini təmin etmiş sovet xalqının hərbi və əmək hünərinə ümumi töhfəmizdir. Bu tarixi ekspozisiya nəinki qanlı döyüşlərdə faşizmə qalib gəlmiş, həmçinin müharibədən sonra doğma şəhər və kəndləri bərpa etmiş qəhrəman nəslə dərin hörmətimizin ifadəsidir. Bizim sərgi Böyük Vətən müharibəsinin faciəli və şanlı günləri haqqında xatirələrimizdən yalnız biridir. Biz tarixin təhrif olunmasına, ata-babalarımızın qəhrəmanlığının kiçildilməsinə yol verməmək üçün o günləri heç vaxt unutmamalı, həmişə yadda saxlamalıyıq”.
MDB İnformasiya Şurası Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Rusiyanın aparıcı informasiya agentliklərini birləşdirir.