REGİONLAR
MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncə layihənin açılışında iştirak edəcək qonaqları qarşılayır
Gəncə, 17 mart, Rauf Hacıyev, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılışında iştirak edəcək qonaqlar martın 17-də şəhərə gəliblər.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşüb. İcra hakimiyyətinin başçısı qonaqları Azərbaycanın qədim və zəngin mədəniyyətə malik Nizami Yurdunda görməkdən məmnun olduğunu bildirib. O, qonaqlara Gəncənin sosial-iqtisadi inkişafı, eləcə də mədəni həyatı barədə məlumat verib.
E.Vəliyev bildirib ki, Gəncə şəhərində 50-yə yaxın ümumtəhsil məktəbi var və onlardan 4-də tədris rus dilində aparılır. Şəhərdə 3 ali təhsil müəssisəsi, peşə məktəbləri və liseylər fəaliyyət göstərir. “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksi, Gəncə Avtomobil İstehsalat Birliyi kimi iri müəssisələr şəhər iqtisadiyyatının əsasını təşkil edir.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy rəhbərlik etdiyi nümayəndə heyəti adından səmimi qarşılanmaya görə minnətdarlığını bildirib.
Mixail Şvidkoy deyib ki, Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı bir illiyə seçilir. Ötən il MDB-nin mədəniyyət paytaxtı Türkmənistanın Daşoğuz şəhəri olub. Artıq həmin titul Gəncə şəhərinə keçib və bununla bağlı tədbirlər planı təsdiqlənib. 2017-ci ildə Azərbaycanda hökumətlərarası mədəniyyət paytaxtı proqramı icra olunacaq. Bu proqramın icrası gələcək əməkdaşlıq və hərtərəfli fəaliyyət baxımından səmərəsini verəcək.
Sonra E.Vəliyev qonaqları Gəncə şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış edib, onlara inşası tamamlanmaq üzrə olan Gəncə Dövlət Filarmoniyası haqqında məlumat verib.
Nümayəndə heyəti Məhsəti Gəncəvi Mərkəzində olub, klassik musiqidən ibarət konsert proqramına tamaşa edib.