DÜNYA
MDB-nin Minskdəki qərargahında Birliyin Daimi Nümayəndələri Şurasının cari ildə ilk iclası olub
Minsk, 27 yanvar, AZƏRTAC
Bu gün Belarus paytaxtında MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçıları olan dövlətlərin Təşkilatın nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının cari ildə ilk iclası keçirilib.
Belarus Respublikası xarici işlər naziri Vladimir Makey və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iclasda iştirak ediblər.
Bu il MDB-də Qazaxıstanın sədrlik etməsi ilə əlaqədar, Daimi Nümayəndələr Şurasına Birliyin nizamnamə və digər orqanları yanında Qazaxıstan Respublikasının səlahiyyətli daimi nümayəndəsi Yerqali Bulegenov sədrlik edəcək.
S.Lebedev iclasda çıxış edib. O, əmin olduğunu bildirib ki, Birliyin iştirakçıları olan bütün dövlətlər Sədrlik Konsepsiyasının həyata keçirilməsinə öz konstruktiv töhfələrini verəcək, Daimi Nümayəndələr Şurası və MDB İcraiyyə Komitəsi bu prosesə hərtərəfli kömək edəcəklər.
MDB İcraiyyə Komitəsi sədrinin fikrincə, Şuranın iclasında Belarus Respublikası XİN rəhbərinin çıxış etməsi sədrlik kursunun varisliyinə dəlalət edir, Birliyin möhkəmlənməsində və inkişafında Belarusun maraqlı olmasını nümayiş etdirir. O, keçən il MDB-də sədrlik etmiş Belarus rəhbərliyinin bu məsul missiyanı fəal və səmərəli şəkildə həyata keçirdiyinə görə təşəkkürünü bildirib, BMT Baş Məclisi tərəfindən BMT ilə MDB arasında əməkdaşlıq haqqında qətnamə qəbul edilməsi ilə başa çatmış təşəbbüsə görə Belarus Respublikası XİN-ə xüsusi minnətdarlığını ifadə edib. S.Lebedev vurğulayıb: “Bu sənəd həm MDB-nin beynəlxalq imicinin yüksəldilməsi baxımından əhəmiyyətlidir, həm də MDB orqanlarının BMT sistemindəki profil strukturlarla tərəfdaşlığının tənzimlənməsi üçün yeni imkanlar yaradır”.
Daimi Nümayəndələr Şurasının üzvləri Şuranın 2015-ci il üçün iş planını təsdiq ediblər.
S.Lebedev Daimi Nümayəndələr Şurasının sahəvi əməkdaşlıq orqanlarının və baza təşkilatlarının işinə daim diqqət yetirdiyini xüsusi qeyd edərək vurğulayıb ki, bu, onların səylərinin vahid konseptual məcrada cəmləşdirilməsinə şərait yaradır.
Onun fikrincə, Böyük Vətən Müharibəsində tarixi Qələbənin 70 illiyinə, habelə MDB-nin qarşıdan gələn 25 illiyinə həsr olunmuş yubiley tədbirlərinə aid məsələlərin Şuranın iş planına daxil edilməsi olduqca aktualdır.
S.Lebedev öz çıxışında Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu il aprelin 3-də Oş şəhərində keçiriləcək iclasına hazırlıq məsələləri üzərində ətraflı dayanıb. O bildirib ki, hazırda həmin iclasın gündəliyi layihəsinin formalaşması faktiki olaraq başa çatıb. İclasın gündəliyinə təqribən 20 məsələ daxil edilib. Gözlənildiyinə görə, xarici siyasət idarələrinin rəhbərləri 2014-cü il üçün XİN-lərarası məsləhətləşmələr planının yerinə yetirilməsini təhlil edəcək və cari il üçün müvafiq planı təsdiq edəcəklər. Onlar Xarici Sərhədlərdə Təhlükəsizliyin Möhkəmləndirilməsi sahəsində Əməkdaşlıq Proqramı, Mədəniyyət sahəsində Əməkdaşlığın Əsas Tədbirləri kimi sənədləri nəzərdən keçirəcəklər. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq; ümumtəhsil təşkilatlarının pedaqoji işçilərinin ixtisas səviyyəsinin artırılması; MDB iştirakçıları olan dövlətlərin ərazisində müştərək istintaq-əməliyyat qruplarının yaradılması və onların fəaliyyəti, Penitensiar Xidmət Rəhbərləri Şurasının yaradılması haqqında və bir sıra başqa mühüm sənədlər barədə sazişlərin ilkin variantda nəzərdən keçirilməsi planlaşdırılır.
Səlahiyyətli daimi nümayəndələr Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və XİNŞ tərəfindən Birliyin orqanlarına 2011-2013-cü illərdə verilmiş tapşırıqların yerinə yetirilməsinin gedişini müzakirə ediblər.
Daimi Nümayəndələr Şurasının üzvləri Birliyin ali orqanlarının tapşırıqlarının həyata keçirilməsi üzrə qarşıdakı tədbirləri də müzakirə ediblər. Bu tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında informasiyanın Daimi Nümayəndələr Şurasının iclaslarında dinlənilməsi təcrübəsini davam etdirmək qərara alınıb.
Səlahiyyətli daimi nümayəndələr Tacikistan Respublikası Ali Məclisinə bu il martın 1-nə təyin edilmiş seçkilərdə müşahidəçilər missiyasının rəhbəri kimi S.Lebedevin namizədliyini razılaşdırıblar.
Birliyin Daimi Nümayəndələr Şurasının növbəti iclası fevralın 5-də keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk