SİYASƏT
MDB-nin Minskdəki qərargahında Birliyin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində Əməkdaşlıq Proqramının layihəsi müzakirə ediləcəkdir
Sərhəd Qoşunları Komandanları Şurası tərəfindən hazırlanmış proqram MDB-yə üzv dövlətlərin Razılaşdırılmış Sərhəd Siyasəti Konsepsiyasının həyata keçirilməsi sahəsində ölkələrin səylərinin birləşdirilməsinə və xarici sərhədlərin təhlükəsizliyinin təmin olunması, potensial və real təhdidlərə və təhlükələrə qarşı mübarizə üzrə vahid sistemin formalaşdırılmasına yönəldilib.
2016-cı ildən 2020-ci ilədək olan dövr üçün nəzərdə tutulan sənəd doqquz bölmədən ibarətdir. Bu bölmələrdə təşkilati-hüquqi və təşkilati-praktik tədbirlər, habelə informasiya, hərbi-texniki, elmi-tədqiqat, humanitar sahələrdə, kadrların hazırlanması və ixtisasının artırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmiş tədbirlər, proqramın bəndlərinin icrasının maliyyələşdirilməsi və icraya nəzarət mexanizmləri nəzərdə tutulub.
Proqramın həyata keçirilməsi sərhəd təhlükəsizliyi səviyyəsinin yüksəlməsinə, o cümlədən MDB-yə üzv dövlətlərin sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığının güclənməsinə, birgə xüsusi sərhəd əməliyyatlarının və Birliyin xarici sərhədlərində transsərhəd cinayətkarlığa qarşı mübarizəyə yönəldilmiş əməliyyat-profilaktika tədbirlərinin səmərəliyinin artmasına kömək göstərəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk