İQTİSADİYYAT
MDB ölkələri inşaat materialları ilə qarşılıqlı ticarətdə maneələri aradan qaldırmaq niyyətindədirlər
Minsk, 25 may, AZƏRTAC
MDB ölkələri inşaat materialları ilə qarşılıqlı ticarətdə maneələri aradan qaldırmaq niyyətindədirlər. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu fikri Belarusun arxitektura və tikinti naziri Dmitri Semenkeviç MDB ölkələrinin inşaat fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın iclasından əvvəl səsləndirib. O deyib: “Əsas məsələ ilk növbədə tikinti materialları ilə qarşılıqlı ticarətdə, tikinti sahəsində xidmətlərin göstərilməsində, innovativ yanaşmaların mübadiləsində maneələri aradan qaldırmaqdır. Bu gün MDB ölkələri müxtəlif istiqamətlərdə qazandıqları nailiyyətləri nümayiş etdirirlər. Hökumətlərarası Şuranın keçirilməsi təcrübə mübadiləsi aparmağa və inşaat sahəsinə milli yanaşmaları təkmilləşdirməyə imkan verir”.
İclasda inşaatda qiymətqoyma da müzakirə edilir. D.Semenkeviçin sözlərinə görə, hazırda MDB ölkələrində qiymətqoyma məsələsinin tənzimlənməsi üzrə vahid mərkəzin yaradılması nəzərdən keçirilir. O qeyd edib ki, Belarusun qiymətqoyma sahəsində təcrübəsindən artıq başqa ölkələrdə, məsələn, Qazaxıstanda istifadə olunur. MDB ölkələrinin inşaat fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şura Minskdə işini mayın 27-dək davam etdirəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk