SİYASƏT
MDB ölkələrinin Gənclərlə İş üzrə Şurası əməkdaşlığın taktika və strategiyasını müzakirə edəcək
Minsk, 24 noyabr, Zeynal Ağazadə, AZƏRTAC
Noyabrın 27-28-də Qazaxıstanın paytaxtı Astanada MDB üzvü olan ölkələrin Gənclərlə İş üzrə Şurasının növbəti iclası olacaq.
Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasın gündəliyinin layihəsində 13 məsələ var. Şura üzvləri 2020-ci ilə qədər olan dövrdə MDB ölkələrinin gənclərinin beynəlxalq əməkdaşlıq strategiyasının həyata keçirilməsi üzrə 2014-2015-ci illər üçün tədbirlər planının yerinə yetirilməsinin gedişini və 2016-2017-ci illər üçün analoji planın layihəsinə dair təklifləri nəzərdən keçirəcəklər.
İclasda həmçinin, Birlik dövlətlərində gənclər siyasəti sahəsində normativ hüquqi bazanın vəziyyətini təhlil etmək, Şuranın işçi qruplarının fəaliyyətinə yekun vurmaq, “MDB üçün 100 ideya” beynəlxalq gənclik layihəsinin həyata keçirilməsi, Birlik ölkələrinin gənclərinin X Delfi oyunlarının keçirilməsi ilə bağlı və bəzi başqa məsələləri müzakirə etmək planlaşdırılır.
Görüş iştirakçıları Birliyin üzvü olan dövlətlərin gənclərlə iş üzrə baza təşkilatı haqqında Əsasnamə layihəsinin müzakirəsinə və gənclik problemlərinin öyrənilməsi üzrə tədqiqat strukturları şəbəkəsinin yaradılmasına xüsusi diqqət yetirəcəklər.
Bundan əlavə, MDB üzvü olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının nümayəndəsi Şura üzvlərinə Birliyin Parlamentlərarası Gənclik Forumunun yekunları barədə məlumat verəcək.
Xatırladaq ki, MDB üzvü olan ölkələrin Gənclərlə İş üzrə Şurası 2005-ci ildə yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistan nümayəndələri daxildir.
Şura dövlət gənclər siyasətini həyata keçirən dövlət orqanlarının və ictimai birliklərin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi, gənclik problemləri ilə bağlı ikitərəfli və çoxtərəfli müştərək layihələrin həyata keçirilməsi və müştərək kadr hazırlığı məsələləri ilə məşğul olur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk