İQTİSADİYYAT
MDB ölkələrinin valyuta və maliyyə siyasətinin xülasəsi təqdim edilib
Minsk, 8 avqust, AZƏRTAC
MDB İcraiyyə Komitəsinin rəsmi saytında Birliyin iştirakçı ölkələrinin 2014-2016-cı illərdə valyuta və maliyyə siyasətinin analitik-informasiya xülasəsi dərc edilib.
Bu barədə məlumat AZƏRTAC-a Birliyin Minskdəki qərargahının iqtisadiyyat departamentindən verilib.
2014-2016-cı illərdə MDB çərçivəsində həyata keçirilən dövlət valyuta-maliyyə siyasətinin tədbirləri barədə məlumat Birliyin iştirakçı dövlətlərinin bu dövrdə MDB İcraiyyə Komitəsinə təqdim etdikləri materiallar əsasında hazırlanıb. Sənədin hazırlanmasında Birliyin iştirakçı ölkələrinin milli idarələrinin rəsmi saytlarının materiallarından və MDB Statistika Komitəsinin məlumatlarından da istifadə edilib.
Analitik-informasiya xülasəsində bildirilir ki, Azərbaycan Respublikasında milli iqtisadiyyatda ardıcıl olaraq islahatlar aparılır, əhalinin sosial müdafiəsi üçün tədbirlər görülür, xarici və yerli sərmayədarların iştirakı ilə özəlləşdirmə proqramı həyata keçirilir. Sahibkarlara və fermerlərə güzəştli kreditlər verilir, investisiya layihələri həyata keçirilir. Valyuta bazarının tənzimlənməsi beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir, milli valyutanın sabit kursunun saxlanması və bank sektorunun optimallaşdırılması məqsədilə tədbirlər görülür.
Azərbaycanın valyuta və maliyyə siyasəti, 2014-2016-cı illərdə ölkəmizdə kiçik və orta biznesə maliyyə dəstəyi və digər məsələlər barədə daha geniş məlumatı aşağıda qeyd edilən linkdən öyrənmək olar: http://www.cis.minsk.by/news.php?id=6632
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk