SİYASƏT


MDB qərargahında Daimi Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək

A+ A

Minsk, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Rusiya Federasiyasının (RF) daimi nümayəndəsi Andrey Şvedov həmkarlarına Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş 2017-ci ildə RF-nin MDB-yə sədrliyi Konsepsiyasını təqdim edəcək.

Sonra daimi səlahiyyətli nümayəndələr təhlükəli istehsal obyektlərində çalışan işçilərin həyatının və sağlamlığının qorunması, habelə əhalinin və ətraf mühitin texnogen qəzalardan müdafiəsi məqsədi ilə 2001-ci ildə yaradılmış Sənaye Təhlükəsizliyi üzrə Dövlətlərarası Şuranın fəaliyyətini müzakirə edəcəklər.

Bundan əlavə, daimi səlahiyyətli nümayəndələr MDB-nin 25 illiyinə həsr olunan tədbirlər planının icrasının gedişini nəzərdən keçirəcəklər.

Planda cari ildə 29 tədbirin hazırlanması və keçirilməsi nəzərdə tutulur. Oktyabrın 10-na olan vəziyyətə görə, 12 tədbir keçirilib, 13-ü icra mərhələsindədir, 4-ü obyektiv səbəblərə görə ləğv edilib.

Birliyin İcraiyyə Komitəsi tərəfindən hazırlanmış və bu ilin sentyabrında Bişkek Sammitində qəbul edilmiş MDB-nin müasir reallıqlara uyğunlaşması haqqında qərarın icrasına dair tədbirlər planı da Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə təqdim ediləcək.

Daimi Səlahiyyətli Nümayəndələr Şurası öz səlahiyyətlərinə daxil olan bir sıra digər məsələlərə münasibətini bildirəcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.