SİYASƏT


MDB yaradıcı ziyalıları və alimlərinin forumunda Gəncəyə həsr olunan film nümayiş etdirilib

A+ A

Bişkek, 29 oktyabr, AZƏRTAC

Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi münasibətilə MDB yaradıcı ziyalıları və alimlərinin XI forumu keçirilib.

Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Tarix və mədəniyyət ili” çərçivəsində təşkil olunan tədbirdə MDB ölkələrindən 150-dən artıq tanınmış ziyalı, elm və mədəniyyət xadimi iştirak edib.

Foruma Azərbaycandan elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti də qatılıb.

Tədbirdə Qırğızıstan Prezidenti Aparatı rəhbərinin müavini Mira Karıbayeva, Baş nazirin müavini Qulmira Kudayberdiyeva və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edib.

Mixail Şvıdkoy bildirib ki, bu il sentyabrın 16-da MDB Dövlət Başçıları Şurasının Bişkek şəhərində keçirilən iclasında Azərbaycanın Gəncə şəhərinin 2017-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” seçilməsi ilə bağlı qərar qəbul olunub və bu, sevindirici haldır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Gəncə bu gün Avropanın ən sivil şəhərləri ilə müqayisə olunacaq səviyyədədir.

M.Zeynalov göstərilən etimada görə təşəkkürünü bildirib, Gəncədə yaradılan müasir infrastruktur, milli adət-ənənələrin qorunub saxlanılması, eləcə də şəhərdə keçirilən beynəlxalq tədbirlər haqqında geniş məlumat verib.

Sonra Gəncənin tarixi, mədəniyyəti, inkişafı və şəhərdə keçirilən beynəlxalq tədbirlərdən bəhs edən film göstərilib, Gəncədən gələn muğam ifaçıları konsert proqramı ilə çıxış edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.