MƏDƏNİYYƏT
MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının iclasında ölkəmizin turizm imkanlarından danışılıb
Bakı, 22 may, AZƏRTAC
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının növbəti iclası keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Rafiq Bayramov və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Araz Bağırlı təmsil ediblər. Rusiya Dövlət Ermitaj Muzeyində keçirilən iclasda Rusiyanın mədəniyyət nazirinin müavini Alla Manilova ölkələr arasında turizm sahəsində əməkdaşlığın perspektivlərini, qanunvericilik təcrübələrinin qarşılıqlı öyrənilməsinin zərurətini vurğulayıb, Rusiyada turizm qanunvericiliyinin təkmilləşdirilməsi üçün atılan addımlar barədə məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Rafiq Bayramov Azərbaycanda son illər turizm sahəsində keçirilən islahatlar haqqında geniş məlumat verib. R.Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritəsi, Milli Turizm Təbliğat Bürosunun və Turizm Şurasının yaradılması, “ASAN viza” və s. layihələrin milli turizmin inkişafına müsbət təsirini də qeyd edib.
Natiq, həmçinin ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsi və bu istiqamətdə Azərbaycan təcrübəsinin yüksək beynəlxalq standartlar formalaşdırdığını da vurğulayıb. MDB ölkələri ilə turizm əlaqələrimizə də toxunan R.Bayramov, ölkələri birləşdirən turizm marşrutları və qastronomik turizm haqqında danışaraq Rusiyadan olan turistlər üçün Azərbaycanın top 5 ölkə arasında olduğunu bildirib.
Alla Manilova öz növbəsində qastronomik turizmə marağın böyük templərlə artdığını bildirərək Azərbaycan mətbəxinin zənginliyindən, həmçinin ölkəmizin Böyük İpək Yolu marşrutundakı önəmindən danışıb.
Daha sonra çıxış edənlər turizm sahəsində mövcud təcrübələrini və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün təkliflərini bölüşüblər. Natiqlər Azərbaycanda keçirilən müxtəlif tədbirləri qeyd edərək ölkəmizin təcrübəsinin yüksək beynəlxalq standartlar formalaşdırdığını vurğulayıblar.