ELM VƏ TƏHSİL
MEK-də Dövlət mükafatina təqdim olunan əsərin müzakirəsi keçirilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Əməkdar Mədəniyyət İşçisi, “Azərbaycan” nəşriyyatının şöbə müdiri İradə Ələsgərovanın Dövlət mükafatına təqdim olunan “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi” monoqrafiyasının müzakirəsi keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun direktoru Leyla İmanova minillik kitab tərtibatı tariximizi əhatə edən əsərin əhəmiyyətindən danışıb. O, 2015-ci ildə çapdan çıxmış monoqrafiyanı bədii və texniki tərtibat mövzusunda Azərbaycan dilində ilk nəşr kimi yüksək dəyərləndirib.
Sonra İ.Ələsgərova nəşrin texniki tərtibat xüsusiyyətlərindən söz açıb, kitabda bədii tərtibat üsullarının geniş təsnifatının verildiyini söyləyib.
Müəllifin sözlərinə görə, dərs vəsaitində kitabın kompozisiya və bədii poliqrafik forması, daxili elementlərin kompozisiyası, illüstrasiyaların növləri və rolu, format anlayışının kitab tərtibatında yeri haqqında da məlumat verilib. İradə Ələsgərova xüsusilə azyaşlı məktəblilər üçün nəşr olunan dərsliklərdəki tərtibat yanlışlıqları, rəng uyğunsuzluqları və oxucularda narahatlıq yaradan digər bu kimi qüsurlardan ətraflı söz açıb, müəllifi olduğu kitabın bu sahədə rast gəlinən stereotipləri aradan qaldıracağına inandığını bildirib.
Çıxış edənlər nəşrin bədii və texniki tərtibat məsələlərinin ətraflı araşdırılıb təhlil edildiyi bu əsəri kitab mədəniyyətimiz üçün çox gərəkli və aktual tədqiqat işi kimi dəyərləndirib, onun həm tələbələr, həm də kitabşünas və mütəxəssislər üçün faydalı vəsait olduğunu bildiriblər.