ELM VƏ TƏHSİL
MEK-də Zahid Hüseynzadənin şəxsi kitab kolleksiyasının təqdimatı olub
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) müşavir-diplomat Zahid Hüseynzadənin şəxsi kitab kolleksiyasının təqdimatı keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, kolleksiya ilə bağlı kitabxananın Şərq Ədəbiyyatı Fondunun rəhbəri Aidə Hüseynova təqdimatla çıxış edib.
Z.Hüseynzadənin şəxsi kitab kolleksiyasının fonda 1984-cü ildə daxil olduğunu söyləyən A.Hüseynova kolleksiyada 1917-1980-ci illərdə türk, ərəb və avropa dillərində çap edilmiş 467 nüsxə nəşr nümunəsinin olduğunu bildirib. Qeyd edilib ki, kolleksiyanın biblioqrafik siyahısı 1985-ci ildə tərtib edilərək yüz nüsxə tirajla nəşr olunub. Kolleksiya gənc alim və tədqiqatçıların tələblərini ödəyə biləcək çox qiymətli elmi və bədii əsərlər, o cümlədən qədim tarixi olan nüsxələrlə zəngindir.
Sonda kolleksiyaya daxil olan ədəbiyyatların MEK-in oxucularına daha geniş təqdim edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.