İQTİSADİYYAT
METAK MMC "Listinq Məsləhət Proqramı"na qoşulub
Bakı, 28 mart, AZƏRTAC
METAK MMC Bakı Fond Birjasının (BFB) təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş "Listinq Məsləhət Proqramı"na (LAP) qoşulub.
BFB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Bakı Fond Birjası idarə heyəti sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov və METAK MMC-nin icraçı direktoru Aydın Kərimov "Listinq Məsləhət Proqramı"na qoşulma haqqında saziş imzalayıblar.
Sazişə əsasən, METAK MMC kapital bazarları alətləri vasitəsilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LAP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcək. Hazırda şirkətin LAP çərçivəsində Azərbaycan kapital bazarlarından maliyyələşmə üzrə yol xəritəsi hazırlanır.
İmzalanmadan sonra METAK MMC Bakı Fond Birjasında ticarətin başlanmasını simvolizə edən növbəti açılış zənginin iştirakçısı olub.
Qeyd edək ki, BFB-nin Listinq Məsləhət Proqramı 2014-cü ildən etibarən həyata keçirilir. Proqramın məqsədi kapital bazarı vasitəsilə maliyyələşməni təşviq etmək, LAP tərəfdaşları ilə birgə şirkətlərə bu sahədə zəruri maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr istiqamətində məlumat – məsləhət xidmətləri göstərməkdir. LAP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LAP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir. BFB-nin LAP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.
METAK MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olan 20 illik təcrübəyə malik şirkətdir. Şirkətin ümumilikdə 2 min 500-ə yaxın məhsul çeşidi mövcuddur.