İQTİSADİYYAT


MİDA “Kapital Bank” ilə əməkdaşlığa başladı

Bakı, 21 iyul, AZƏRTAC 

Azərbaycanda korporativ və pərakəndə bank biznesi sahəsində geniş çeşidli məhsulları ilə xidmət göstərən “Kapital Bank” ASC və “MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə AZƏRTAC-a Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə vətəndaşlara bir sıra güzəştlərdən yararlanmaq imkanı təmin edilir. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətində bu Qaydanı rəhbər tutan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılacaq güzəştli mənzillərin qiymətinin yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən daha aşağı olması əsas güzəştlərdən biridir. Eyni zamanda, daha bir güzəşt vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunacaq mənzilləri güzəştli ipoteka krediti ilə əldə etmək imkanıdır.

Nəzərə çatdırılıb ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına 30 ilədək müddətə verilən güzəştli ipoteka kreditinin illik faiz dərəcəsi 4 faiz, ilkin ödəniş isə mənzilin satış qiymətinin 10 faizini təşkil edir.

Sözügedən Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar güzəştli ipoteka kreditindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə yararlana bilər.

Ötən müddət ərzində agentlik tərəfindən vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə görülmüş işlər çərçivəsində “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 müvəkkil bankına müraciət olunub. Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı “Kapital Bank” ASC oldu.

Qeyd olunub ki, Azərbaycanın bank sektorunda xüsusi çəkisi olan “Kapital Bank” ən böyük filial şəbəkəsinə malik maliyyə qurumlarındandır. Üç milyondan çox fiziki şəxsə və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərən “Kapital Bank” ASC-nin xidmət şəbəkəsi 92 filialı və 7 şöbəsi ilə bütün ölkəni əhatə edir. Eyni zamanda, “Kapital Bank” dövlət sosial proqramlarının icrası sahəsində də geniş təcrübəyə malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.