İQTİSADİYYAT
“MİDA” MMC ilə əməkdaşlığa başlayan növbəti kredit təşkilatı “Bank BTB” olub
Bakı, 2 avqust, AZƏRTAC
“MİDA” MMC ilə əməkdaşlığa başlayan növbəti kredit təşkilatı “Bank BTB” olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə başçısının 16.11.2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən MİDA-nın sərəncamında olan mənzilləri əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Belə kreditlər “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.
Belə ki, vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarına edilmiş müraciətə əsasən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı “Bank BTB” olub. Bu il iyulun 31-də “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsini imzalamış “Bank BTB” 10 filialı, 7 şöbəsi və baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti ilə təmsil olunur.