SİYASƏT
MİLLİ MƏCLİSİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEV AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ SEÇİLMİŞDİR
AZƏRTAC-ın müxbiri Strasburqdan xəbər verir ki, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa gəlmişdir. Sessiya yanvarın 27-də öz işinə başlamışdır.
Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı İlham Əliyev AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir.
Bu, Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasının daha bir sübutu, habelə Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin bu mötəbər qurumdakı səmərəli, məqsədyönlü və prinsipial fəaliyyətinin və şəxsi nüfuzunun məntiqi nəticəsidir.
Sessiyanın gündəliyinə Cənub-Şərqi Avropada sabitlik prosesinin gedişi, həmin regionda əhalinin miqrasiyası, kütləvi informasiya vasitələrində söz azadlığı, Avropa ilə Aralıq dənizi hövzəsi ölkələri arasında mədəni əməkdaşlıq, Çeçenistanda vəziyyət, Avropada sosial vəziyyət, əlillərin təminatı, gənc mühacirlərin vəziyyəti və digər məsələlər daxildir.
İlk iclasda Türkiyə Respublikasının baş naziri Abdullah Gül çıxış etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq