İDMAN
MİLLİ OLİMPİYA KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Fuad Musayev Assosiasiyanın İcraiyyə Komitəsi adından Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə 03.05.2002-ci il tarixli AF-92 nömrəli məktubla müraciət etmişdir. Məktubda Azərbaycan futbolunda yaranmış xoşagəlməz vəziyyətin aradan qaldırılmasına kömək göstərilməsi xahiş olunmuşdur. Milli Olimpiya Komitəsinin prezidenti MOK-un birinci vitse-prezidenti Əbulfəz Qarayevə və vitse-prezident Çingiz Hüseynzadəyə Azərbaycan futbolunda yaranmış böhranlı vəziyyətlə bağlı klublar və federasiya rəhbərliyi ilə birgə görüş keçirməyi tapşırmışdır. Belə bir görüşün Milli Olimpiya Komitəsində keçirilməsindən əsas məqsəd Azərbaycan futbolunda yaranmış böhranlı vəziyyətin aradan qaldırılmasında vasitəçilik etmək və tərəflərin vahid mövqeyə gəlməsinə kömək göstərməkdən ibarət olmuşdur.
Milli Olimpiya Komitəsi prezidentinin göstərişinə əsasən 10.05.2002-ci il tarixdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Fuad Musayevə məktub göndərilmişdir. Həmin məktubda mayın 16-da Milli Olimpiya Komitəsində AFFA və futbol qulublarının rəhbərlərinin birgə iclasının keçiriləcəyi bildirilmiş və AFFA rəhbərliyinin iclasda iştirakının təmin edilməsi xahiş olunmuşdur. Fuad Musayevin mayın 16-da Bakıda olmayacağına istinad edərək, AFFA iclasın başqa vaxta keçirilməsini xahiş etmişdir. Bu xahiş nəzərə alınmış və iclasın mayın 23-nə keçirilməsi haqqında AFFA-ya məlumat verilmişdir.
Mayın 23-də saat 15.00-da Milli Olimpiya Komitəsində keçirilən toplantıda AFFA-nın vitse-prezidenti Toğrul Hacıyev, Fuad Əsədov, baş katibi Çingiz İsmayılov və icraçı direktoru Oqtay Zeynalov iştirak etdilər. (Təəssüflər olsun ki, AFFA-nın prezidenti F.Musayev əvvəlcədən xəbərdar edildiyinə baxmayaraq görüşdə iştirak etmədi). Digər tərəfdən isə “Təfəkkür Universiteti”, “Neftçi”, “Dinamo”, “Kəpəz”, “Şahdağ”, “OMİK”, “Turan”, “Şəmkir”, “Xəzər Universiteti”, “Qarabağ Azərsun” kulubları təmsilçilərinin iştirakı ilə birgə iclas keçirildi. İclası Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Əbülfəz Qarayev aparırdı. “Xəzər Universiteti” futbol klubunun prezidenti Hamlet İsaxanlı tərəfindən irəli sürülən təklif geniş müzakirə olundu.
Müzakirə prosesində tərəflər ümumi razılığa gələ bilmədilər. Azərbaycan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Ə.Qarayev yekdil fikrə gəlməyin yollarının axtarılması haqqında təklif irəli sürdü. Bu təklif indiyə qədər Respublika Kuboku uğrunda keçirilmiş oyunların qüvvədə qalmasından və bundan sonrakı oyunların AFFA-nın bayrağı altında keçirilməsindən ibarət idi. Bu təklif hər iki tərəfin geniş müzakirəsinə səbəb oldu. Bunu nəzərə alaraq, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Əbülfəz Qarayev hər iki tərəfin bu məsələ ilə bağlı rəsmi mövqeyini mayın 24-də saat 12.00-a kimi MOK-a göndərməyi xahiş etdi. Qərara alındı ki, növbəti görüş ayın 24-də saat 17.00-da keçirilsin. Mayın 24-də saat 12.00-dək hər iki tərəf öz mövqeyini bildirdi.
Klub rəhbərləri Azərbaycan futbolunun nüfuzuna beynəlxalq miqyasda xələl gəlməməsini əsas götürərək və Ə.Qarayev tərəfindən irəli sürülən təklifin onların tutduqları mövqeyə zidd olmasına baxmayaraq, respublika kuboku uğrunda yarışların növbəti mərhələsinin AFFA-nın bayrağı altında, AFFA-nın təsdiq etdiyi reqlamentə əsasən keçirilməsinə razılıq verdilər.
AFFA rəsmiləri isə bu təkliflə razılaşmadıqları haqqında bəyanat təqdim etdilər. Onlar hətta Milli Olimpiya Komitəsində keçiriləcək iclasda iştirak etməyəcəklərini bildirdilər. Bununla əlaqədar 24.05.2002-ci il tarixdə saat 17.00-a təyin edilən növbəti görüşün həmin gün saat 15.00-da keçirilməsi qərara alındı və dəyişiklik haqqında hər iki tərəfə məlumat verildi.
Milli Olimpiya Komitəsində keçirilən toplantıya klub rəhbərləri gəlsələr də, AFFA rəsmiləri bu görüşdən imtina etdilər.
Klub rəhbərləri və AFFA rəsmiləri ilə keçirilmiş birinci iclasdakı müzakirələr, AFFA-nın mayın 24-də təqdim etdiyi bəyanat, AFFA rəsmilərinin Azərbaycan futbolunda yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə təşkil olunmuş birgə iclasda iştirak etməməsi, Milli Olimpiya Komitəsində keçirilən iclasın yekunu bir daha onu sübut edir ki, gələcəkdə Azərbaycan futbolunun beynəlxalq miqyasdakı nüfuzuna xələl gətirə biləcək hər cür hal AFFA-nın idarəçilik fəaliyyətində mövcud olan böhrandan irəli gəlir və bunun üçün məsuliyyət yalnız AFFA-nın üzərinə düşür.