Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MİNİMUM AYLIQ ƏMƏK HAQQININ ARTIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlətin iqtisadi siyasətinə uyğun olaraq, Azərbaycan Respublikasında ardıcıl həyata keçirilən tədbirlər əhalinin pul gəlirlərinin müntəzəm artımını təmin etməklə insanların rifah halını əhəmiyyətli dərəcədə yüksəldir. Xüsusilə son vaxtlar pensiyaların və dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda işləyənlərin əmək haqlarının artırılması əhalinin yaşayış tərzinin yaxşılaşmasında mühüm rol oynayır.

Əmək haqları və pensiyaların artımı ilə yanaşı, minimum aylıq əmək haqqının artırılmasının aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətini nəzərə alaraq və onlara dövlət qayğısını daha da artırmaq məqsədi ilə qərara alıram:

1. Minimum aylıq əmək haqqının məbləği artırılaraq, mövcud 27500 manatdan 2003-cü il sentyabrın 1-dən 45000 manata, 2004-cü il yanvarın 1-dən isə 60000 manata çatdırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Aylıq əmək haqqının minimum məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 oktyabr tarixli 412 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

4 avqust, 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin