DÜNYA
MINNƏTDARLIQ HİSSİ NƏİNKİ XOŞDUR, HƏM DƏ ÇOX FAYDALIDIR
Bakı, 13 aprel (AZƏRTAC). “MedikForum” portalının yazdığına görə, alimlər mümkün qədər tez-tez “təşəkkür edirəm” deməyi məsləhət görürlər. Verbal minnətdarlıq ifadəsi olan “təşəkkür edirəm” həm onu tələffüz edənə, həm də onun ünvanlandığı adama xoş təsir bağışlayır.
Florida Universiteti alimləri müəyyən etmişlər ki, bu, dostları və tərəfdaşları ilə münasibətlərdən məmnun qalmayan insanların əhval-ruhiyyəsini yüksəltmək üçün çox sadə üsuldur. Tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, minnətdarlıq dolu sözlər məmnunluq səviyyəsini artırır. Ekspertlər minnətdarlığın “kommunikativ qüvvəyə” (bir tərəfdaşın, yaxud dostun digərinə münasibətdə məsuliyyət dərəcəsi) təsirini də öyrənmişlər. Məlum olmuşdur ki, belə sözlər məhz kommunikativ qüvvəni möhkəmləndirir. Kimə isə minnətdarlıq edəndə, fikrinizi həmin adamın sizin üçün etdiyi yaxşılığı unutmamağa yönəldirsiniz. Bu, sizə həmin adamın müsbət cəhətlərini görməyə, pislikləri deyil, yaxşılıqları unutmamağa sövq edir.