MƏDƏNİYYƏT
MİRƏLƏSGƏR MİRƏSƏDULLA OĞLU MİRQASIMOV
Mirələsgər Mirqasımov 1924-cü il fevralın 9-da Bakı şəhərində müasir Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımovun ailəsində anadan olmuşdur. Təsviri sənətə olan böyük həvəsi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarmışdır. 1944-cü ildə həmin məktəbi bitirən Mirələsgər Mirqasımov təhsilini İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirmiş və 1950-ci ildə orada təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltəraşı olmuşdur.
Mirələsgər Mirqasımov mənsub olduğu ailənin gözəl ənənələrindən qaynaqlanan yüksək intellektuallığı və əməksevərliyi, seçdiyi sənətə sonsuz bağlılığı sayəsində heykəltəraş kimi böyük yaradıcılıq yolu keçmiş və onun yarım əsrdən artıq müddət ərzindəki fəaliyyəti Azərbaycanda heykəltəraşlığın inkişafında mühüm rol oynamışdır. Mirələsgər Mirqasımovun monumental plastika sahəsindəki xidmətləri xüsusilə yüksək qiymətə layiqdir. Heykəltəraşın xalqımızın görkəmli oğul və qızlarının mərmərdə, qranitdə və tuncda əbədiləşdirdiyi obrazları küçə və meydanları, böyük sərgi və muzeyləri bəzəyən sənət inciləridir. Bakıda Cəfər Cabbarlının, Naxçıvanda Cəlil Məmmədquluzadənin monumental abidələri, Sumqayıtda Nəriman Nərimanovun büstü incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. Heykəltəraşın əsərləri Rusiya, Polşa, Bolqarıstan, Almaniya, Kanada, Misir və başqa ölkələrdə uğurla nümayiş etdirilərək, Azərbaycan heykəltəraşlıq məktəbinə şöhrət qazandırmışdır.
Həyatın ağır sınaqlarına sinə gərmək Mirələsgər Mirqasımovda mübarizlik ruhu yaratmışdısa da, onun əsərlərində nikbin ovqat və romantiklik üstünlük təşkil edir. Sənətlərin sintezi probleminin gözəl həlli, monumental duyum və lakoniklik onun yaradıcılığının başlıca səciyyəvi cəhətləridir.
Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında var qüvvəsini sərf etmiş Mirələsgər Mirqasımovun xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Mirələsgər Mirqasımovun mənalı yaradıcılıq yolu gənc heykəltəraş nəsilləri üçün zəngin sənət məktəbidir.
Böyük sənətkar, təvazökar və mehriban insan Mirələsgər Mirqasımovun işıqlı xatirəsi yaratdığı abidələrdə və xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Heydər Əliyev,
Murtuz Ələsgərov, Artur Rasizadə,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Polad Bülbüloğlu, Anar Rzayev,
Fərhad Xəlilov, Ömər Eldarov,
Tahir Salahov, Maral Rəhmanzadə,
Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov,
Oqtay Sadıxzadə, Elbəy Rzaquliyev,
Nadir Əbdürrəhmanov, Tokay Məmmədov,
Rasim Babayev.