DÜNYA
MKİ-NİN BÜDCƏSİNİ XEYLİ ARTIRMAQ İSTƏYİRLƏR
VAŞİNQTON. Corc Buş hökuməti 2003-cü maliyyə ilində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) fəaliyyəti üçün xərcləri xeyli artırmağı planlaşdırır və bunu beynəlxalq terrorizmlə mübarizənin gücləndirilməsinin zəruriliyi ilə əsaslandırır. Amerikanın rəsmi şəxsləri jurnalistlərə bildirmişlər ki, prezident konqresə MKİ-nin büdcəsini birdən-birə 1,5-2 milyard dollar və ya təxminən 30 faiz artırmağı təklif etmişdir. Ekspertlərin hesablamalarına görə, bundan sonra MKİ-nin büdcəsi 5 milyard dolları ötəcəkdir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, MKİ-nin əlavə təxsisatdan terrorizmlə mübarizə üzrə mütəxəssislər hazırlamaq və xarici ölkələrdə, ilk növbədə ekstremist qruplaşmaların fəaliyyət göstərdiyi ölkələrdə rezidentlərinin sayını artırmaq üçün istifadə edəcəyi gözlənilir. Bundan əlavə, digər dövlətlərlə əməkdaşlıq proqramları, o cümlədən xüsusi təyinatlı qoşun bölmələrinin antiterror fəaliyyətinə öyrədilməsi proqramları sahəsində əməkdaşlıq genişləndirilə bilər. Büdcəyə əlavə, eyni zamanda, kəşfiyyat məlumatı toplamaq üçün yeni texniki vasitələrin, o cümlədən “casus-peyklərin”, və Əfqanıstanda hərbi əməliyyatlar zamanı özünü doğrultmuş pilotsuz “Predetor” tipli uçuş aparatlarının alınmasını davam etdirməkdə MKİ-yə kömək göstərməlidir.