İQTİSADİYYAT
“MODEL LAYİHƏSİ”NİN İKİNCİ MƏRHƏLƏSİ TƏQDİM EDİLMİŞDİR
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, mərasimi “Azərneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Qaraxanov açaraq demişdir ki, 2003-cü il sentyabrın 26-da Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatının (CETRO) prezidenti Yaponiya dövləti tərəfindən və Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Azərbaycan dövləti adından ölkəmizdə neft maşınqayırma sənayesinin inkişafına yönəldilən “Model layihəsi” üzrə Anlaşma imzalamışlar.
1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiyaya rəsmi səfəri zamanı, bir sıra proqramlarla yanaşı, qeyri-neft sənaye sahələrinin inkişafını təmin edən proqramlar sırasında, neft maşınqayırma müəssisələrinə yardım göstərilməsi barədə Yaponiya dövləti ilə razılığa gəlmişdi.
2002-ci ilin avqust ayında respublikamızın neft maşınqayırma sənayesi işçiləri nümayəndə heyətinin Yaponiyaya səfərindən sonra, layihə dəqiqləşdirilmiş və onun əsas məqsədi müəyyən edilmişdi.
Layihənin məqsədi Azərbaycan hökuməti tərəfindən əvvəldən təyin edilmiş müəssisələrə müasir texnologiyaların və texniki yardımın təmin olunması vasitəsilə qısa müddətdə beynəlxalq sertifikatların alınmasına nail olmaqdan ibarətdir. “CETRO” Amerika Neft İnstitutunun standartlarının tələblərini təmin etmək üçün “Azərneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin nəzərdə tutulmuş müəssisələrini bəzi texnoloji və metroloji avadanlıqla təmin edəcəkdir. Bundan əlavə, Azərbaycanın maşınqayırma sənayesinin inkişafı üçün Amerika Neft İnstitutunun standartlarına uyğun texnologiyaların və yeniliklərin tətbiqi həyata keçirilir. Bu proses 2002-ci ilin noyabr ayından başlanmışdır.
“Model layihəsi”nin tətbiqini təmin etmək üçün Yaponiya tərəfindən “Mitsui” firması və Azərbaycan tərəfindən “Azərneftkimyamaş” ASC arasında bu il noyabrın 14-də razılıq protokolu imzalanmışdır.
Təqdimat mərasimində layihə ilə bağlı görüləcək işlər barədə “CETRO”nun direktorunun müavini Toru Suehiro məlumat vermişdir.
Bu layihə respublikamızın neft maşınqayırma sənayesinin iri müəssisələrində, o cümlədən Səttərxan adına zavodda, habelə Suraxanı, Zabrat və Bakı neft maşınqayırma müəssisələrində tətbiq ediləcəkdir. Mərasimdə müəssisələrdə aparılan texniki hazırlıq işlərindən, istehsalat sahələrinin avadanlıqla təchiz edilməsindən, kadr hazırlığı məsələlərindən, layihələndirmə işlərindən, avadanlıq nümunələrinin işlənib hazırlanmasından və işə salınmasından, eləcə də tikinti işlərindən, bu tədbirlərin görülmə müddətlərindən danışılmışdır.
“Model layihəsi”nin ikinci mərhələsinin başlanmasına həsr edilmiş təqdimat mərasimində “Azərneftkimyamaş” ASC-nin və “Mitsui”nin mütəxəssisləri ətraflı məlumat vermişlər. Onlar layihənin mahiyyəti, nəzərdə tutulan proqramların məqsəd və həyata keçirilmə müddətləri, habelə görüləcək işlər barədə ətraflı söz açmışlar.