İDMAN
MONİTORİNQ QRUPUNUN SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Avropa Şurası İdman Departamentinin rəisi Corc Volker başda olmaqla AŞ-nın antidopinq konvensiyası üzrə monitorniq qrupunun Bakıya səfəri başa çatmışdır. Səfərdən əsas məqsəd bu sahədə müvafiq qanunvericilik bazası yaratmaqda Azərbaycana kömək etmək, Gənclər, İdman və Turizm Nazirliyində, Milli Olimpiya Komitəsində, idman federasiyalarında, uşaq idman müəssisələrində, habelə idman hakimləri, məşqçilər və idmançılar ilə məşvərət xarakterli görüşlər keçirmək idi.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazirlikdə keçirilmiş görüşdə Əbülfəz Qarayev qonaqlara ölkəmizdə idmanın dinamik inkişafı və Azərbaycan idmançılarının nailiyyətləri barədə məlumat vermişdir. Nazir Azərbaycanda dopinq probleminin olmadığını bildirmiş və gələcəkdə bu problemin yaranmasına yol verməmək üçün görülən hərtərəfli tədbirlərdən danışmışdır. Görüşün axırında Azərbaycan Antidopinq komissiyası üzvlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə idmançılar arasında təbliğat xarakterli materialların yayılması, bu sahədə xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında məlumat verilmişdir.
İdman federasiyaları nümayəndələrinin, baş məşqçilərin iştirakı ilə səfərin yekunlarına dair keçirilmiş görüşdə cənab Volker Azərbaycanda dopinqdən istifadəyə yol verilməməsi və idmanın inkişafı üçün görülən tədbirlərdən məmnun olduğunu bildirmişdir.