İQTİSADİYYAT
MOSKVADA MDB ÖLKƏLƏRİ İQTİSADİ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
MBD-nin üzvü olan ölkələrin dövlət başçılarının bu ilin oktyabrına nəzərdə tutulan zirvə görüşünə hazırlıq çərçivəsində iyunun 28-də Moskvada MDB ölkələri İqtisadi Şurasının 12-ci iclası olmuşdur. İclasda Azərbaycan nümayəndə heyətinə baş nazirin birinci müavini Abbas Abbasov rəhbərlik edirdi.
İclasda Birlik dövlətləri arasında dövlətlərarası əməkdaşlığın və iqtisadi inteqrasiya proseslərinin mühüm cəhətləri müzakirə edilmişdir. BMT-nin Avropa İqtisadi Komissiyası ilə MDB İcraiyyə Komitəsinin “MDB-də enerji səmərəliliyi və enerji təhlükəsizliyi” birgə beynəlxalq layihəsi və enerji səmərəliliyi və enerjiyə qənaət sahəsində əməkdaşlıq haqqında saziş layihəsi müzakirə olunan əsas məsələlərdən idi. Bundan əlavə, dövlətlərarası innovasiya siyasəti konsepsiyasının kompleks planının həyata keçirilməsi, dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyənləşdirilməsi konsepsiyası, hava nəqliyyatı təşkilinin milli sistemlərinin uyğunlaşdırılması, Elmi-texniki informasiya şurası haqqında məsələ və digər məsələlər müzakirə edilmişdir.
“Valyuta münasibətləri sahəsində əməkdaşlığın əsas istiqamətləri haqqında” memorandum azad ticarət zonasının yaradılması ilə əlaqədar işlərin vəziyyəti və yaxın perspektiv üçün proqram haqqında məlumat verilmişdir.
İqtisadi Şuranın növbəti iclasını bu il sentyabrın 6-da Moskvada keçirmək nəzərdə tutulmuşdur. Ukraynada MDB ölkələri sənaye texnologiyalarının və istehsal vasitələrinin dövlətlərarası sərgi-yarmarkasının keçirilməsi də qərara alınmışdır.
İclasda Rusiya hökuməti sədrinin müavini V.Xristenko, MDB İcraiyyə Komitəsinin sədri Y.Yarov iştirak edirdilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva