MƏDƏNİYYƏT
MOSKVADA POLAD BÜLBÜLOĞLUNUN YENİ DİSKİNİN TƏQDİMATI OLMUŞDUR
Dekabrın 13-də Moskvanın tanınmış “Park-Rekords” studiyasında Polad Bülbüloğlunun “Sönməyən ulduzlar” silsiləsindən yeni diskinin təqdimat mərasimi keçirilmişdir.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, diskə bəstəkar-müğənninin əsasən 1960-1970-ci illərdə oxuduğu 20 ən populyar mahnısı, o cümlədən “Zəng et”, “Dolalay”, “Durnalar” və başqa mahnıları, habelə “Qorxma, mən səninləyəm” bədii filmində və “Mənim mahnıma inan” musiqili filmində ifa etdiyi musiqi parçaları daxil olunmuşdur.
Diskin təqdimatı ərəfəsində Polad Bülbüloğlu Moskvanın “Drujba” radiosunda saat yarım canlı efirdə olmuş, müxbirlərin və dinləyicilərin suallarını cavablandırmışdır. Dekabrın 13-də isə o, “EXO- Moskva” radiosunda canlı efir vasitəsilə musiqisevərlərlə və jurnalistlərlə ünsiyyətdə olmuş, dinləyicilərin suallarına cavab vermişdir.
Təqdimat mərasimində Rusiyanın mədəniyyət naziri Mixail Şvıdkoy, tanınmış mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.