ELM VƏ TƏHSİL
MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNDA AZƏRBAYCANLI TƏLƏBƏ VƏ ASPİRANTLARIN KLUBU YARADILMIŞDIR
Oktyabrın 21-də Rusiya Federasiyası XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda /Universitetində/ Rusiya Paytaxtının ali məktəblərində təhsil alan azərbaycanlı tələbə və aspirantların ölkəmizin dövlət müstəqilliyi gününə həsr olunmuş geniş iclası keçirilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev Moskvaya sonuncu işgüzar səfəri zamanı MDBMİU-nun tələbələri ilə görüşündə Rusiya paytaxtında təhsil alan azərbaycanlı gənclərin birliyinin yaradılması ideyasını irəli sürmüşdü. Tələbə və aspirantlar bu ideyanı həyata keçirərək, MDBMİU nəzdində özlərinin klubunu yaratmışlar. Kluba digər ali məktəblərdə təhsil alan azərbaycanlılar da daxil olacaqlar.
İclası MDBMİU-nun dördüncü kurs tələbəsi Arif Səmədov açaraq, toplaşanları Azərbaycanın müstəqillik bayramı münasibətilə təbrik etdi. O, Rusiyada təhsil alan tələbələrimizə yarandığı vaxtdan yardım və dəstək göstərən Ümumrusiya Azərbaycan Konqresinin /ÜAK/ iclasda iştirak edən üzvlərinə minnətdarlığını bildirdi.
ÜAK icra aparatının rəhbəri, tarix elmləri doktoru Z.Nağdəliyev klubun üzvlərini salamlayaraq əmin olduğunu bildirdi ki, bu cür birliklər ÜAK-ın gənclər təşkilatının sıralarını genişləndirməyə imkan verəcək və cavanların bir-biri ilə daha sıx ünsiyyət saxlamasına kömək edəcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva